PAYLAŞ
Lyublyana
Lyublyana

Lyublyanada gəziləcək yerlər

SEVGİ ŞƏHƏRİ adı dedikdə ilk ağla gələn Sloveniya ölkəsinin paytaxtı Lyublyana gəlir.

Bu dəfəki səyahətimiz Sloveniyayadır. Daha dəqiq paytaxt şəhər Lyublyanaya. Sloven dilindən “sevilən” anlamı daşıyan şəhərin simvolu əjdahadır.

Hava limanından mərkəzə 40 dəqiqəyə çatırsan. Şəhərin təxminən 247 000 sakini var. Yerli əhali ləhcəsiz ingiliscə danışır. Bura gəlsən, rahatlıqla ünsiyyət qura bilərsən. Sloven dili rus dilinə oxşayır, ancaq rusca danışana rast gəlmək çətindir. Buna rəğmən, restoranlarda rusca menyu olur.

Lyublyanaya getsən, mütləq qədim şəhər hissəsini qəşəngcə gəz. Burada şəhərə aid maqnitlər, dostlarına hədiyyələr, suvenirlər ala bilərsən. Daha sonra Nikolas Katedralı, Tivoli parkı, Əjdəha körpüsü, Preseren meydanına get. Funikulyora minməklə şəhərə yuxarıdan tamaşa etmək olar.

EYNİ ARXİTEKTURALI BİNALAR – OXŞAR KÜÇƏLƏR

Ljubljana, Slovenia, The St Nicholas Cathedral
Ljubljana, Slovenia, The St Nicholas Cathedral

Şəhərdə asanlıqla yolunu itirə bilərsən. Çünki binalar və küçələr bir-birinə çox oxşayır. Dönüb-dolanıb eyni məhəllələrə çıxırsan. Şəhərin mərkəzindən çay keçir. Çayın ətrafında köhnə Avropa arxitekturasında olan binalar var. Yerli sakinlər deyir ki, 18-ci əsrdə Lyublyanada güclü zəlzələ olub. Bütün binalar dağılıb.

Sonradan həmin binaları bir-birinə oxşar tikiblər. Şəhər mərkəzindəki bütün binaların bir birinə oxşamasının səbəbi də elə budur.

SƏRNİŞİNSİZ AVTOBUSLAR

Lyublyanada avtobusun qiyməti 1 avro 20 sentdir. Şəhər içində ictimai nəqliyyatdan istifadə etmək üçün kart (Urbanacard) almaq lazımdır. Ancaq gördüyüm əksər turistlər belə bu üsuldan istifadə etmir. Hərə bir velosiped kirayələyir. Bizdəki kimi bahalı, sürətli velosipedlərə rast gəlməzsən orda. Tipik şəhər velosipedləri, qarşısında da səbəti. Sürətsiz. Bu şəhərdə sürətli velosipedə ehtiyac yoxdur. Çünki yollar düzdür. Bakıda velosiped yoluna rast gəlməzsən. Ancaq Lyublyanada velosiped digər nəqliyyat vasitələrindən üstündür. Yol verən həmişə avtomobillər olur. Necə tıxac olur-olsun maşınlar velosiped yoluna çıxa bilməz.

Velosipedin bir günlük kirayə qiyməti 8 avrodur. Əgər qaldığın otelin velosipedini kirayələyirsənsə, onda sənə 2 avroluq endirim var. Mehmanxanaların qiyməti digər Avropa şəhərlərinə görə baha sayılmaz. Normal 3 ulduzlu mehmanxananın bir günlük qiyməti 40-50 avrodan başlayır. Ucuz olması üçün şəhərdən kənardakı mehmanxanalarda də qala bilərsən. Məsələn, mən şəhər mərkəzindən 5 km uzaqda olan oteldə qaldım. Bir ulduzlu mehmanxananın gününə iki nəfər üçün 32 avro ödədim. Təmiz, səliqəli, səhər yeməyi əla idi. Şəhər mərkəzinə gəlmək çətin deyil.  Velosipedlə 15 dəqiqəlik yoldur 🙂

AĞCAQANADA QARŞI DƏRMAN ALMADINSA, BATDIN

Axşam düşən kimi yerli əhalinin belə bir qayğısı var. Ağcaqanad əleyhinə dərmandan istifadə edirlər. Ətraf meşəlik olduğundan buranın ağcaqanadları yamandır. Gedəndə apteklər bağlanmamış dərman almağı unutma.

ƏYLƏNCƏ ÜÇÜN İFA EDƏNLƏR

Ljubljana, Slovenia
Ljubljana, Slovenia

Burada insanlar küçə musiqiçilərini dinləməyi sevir. Musiqiçilərin əksəriyyəti qazanc üçün yox, hobbi kimi, insanlara zövq vermək üçün ifa edirlər. Hətta qonşu ölkələrdən də bura musiqiçilər gəlir. Lyublyana axşamları çox şən keçir: kimi ifa edir, kimi alov şousu, kimi də foks göstərir…

Təbiətsevənlərə tövsiyəm şəhərdən kənara çıxmaqla Bled gölünə getməkdir. Özəlliklə yay aylarında hava şarları ilə gölü təpədən izləyə bilərsən. Ortasında ada, adanın üstündə San Martin kilsəsi olan bir mənzərə açılır gözünün önündə. Ətrafında qarlı dağlar, yaxınlıqdakı qayalığın təpəsində orta əsrlərin yadigarı qala – hamısı birlikdə möhtəşəmdir.

AVROPANIN ÜRƏYİNDƏN DÜZ İTALİYAYA CƏMİ 20 AVROYA

Bəzi səyahətçilər qeydlərindəLyublyananı “Avropanın ürəyi” adlandırır. Çünki bu şəhərdən çox rahatlıqla Avstriya, Macarıstan, İtaliya və Xorvatiyanın şəhərlərinə ucuz qiymətə getmək olur. 20 avroya İtaliyanın Venesiya şəhərinə getdim. 4 saatlıq yolu iki qatar, bir avtobus dəyişməklə gedə bilərsən. Sloveniyadan Avstriyaya isə nisbətən baha, 60 avroya getmək olar. Gediş-gəliş arasında kəskin qiymət fərqi olmasa da, 6-7 saatını alacaq.