Ev Turizm Xəbərləri Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri Qusarda “Yay məktəbi”nin iştirakçısı olub

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri Qusarda “Yay məktəbi”nin iştirakçısı olub

Yay məktəbi

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qusarda təşkil olunan “Yay məktəbi” başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş günlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən 100-ə yaxın könüllü gənc cəlb olunub.

Yay məktəbi”nin təşkilində məqsəd milli-mənəvi dəyərlərimizin inkişaf etdirməkdir. Maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində könüllülərin rolunu artırmaqdır.

Yay düşərgəsində iştirak edən könüllülər Qusarda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şəhidlər xiyabanı, Milli Qəhrəman Çingiz Qurbanovun məzarı, “Şahdağ” Turizm Mərkəzi, Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi ziyarət ediblər. Həmçinin Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksində olublar.

Könüllülər “Mənəvi dəyərlərin təbliği və könüllülük fəaliyyəti” mövzusunda məruzə dinləyiblər. İntellektual, milli oyunların iştirakçısı olublar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsidir. Dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.