Azərbaycan tarixində izi olan toplumlardan biri kimi Cek kəndində yaşayan ceklilərin özünəməxsus yeri var. Ceklilər Azərbaycanda yaşayan etnik toplumlardan biri kimi ölkəmizin həyatında mühüm rol oynayıb.
“Cek” toponiminin etimologiyasını hələlik tam açıqlamaq mümkün olmayıb. Ehtimal edilir ki, “Cek” sözü cek dilindəki “ciqa” sözündən yaranıb. Azərbaycan dilində “ərazi”, “məkan”, “torpaq”, “yer” deməkdir.
Cek xalqına məxsus dilin türk dillərindən xeyli fərqlənməsinə baxmayaraq, tarix boyu türk dünyasına inteqrasiyaya meylli olan ceklilər özlərini “Qafqaz türkü” hesab edir. Azərbaycanlıların tərkib hissəsi olan ceklilər özlərini “azərbaycanlı” kimi qeyd edir. Onlar digər xalqlarla, xüsusən də Azərbaycanda yaşayan milli etnik qruplarla, daha çox isə “Şahdağ qrupu” xalqları olan buduqlular, əliklilər, haputlular, xınalıqlılar, qırızlılar, yergüclülər, həmçinin qalayxudatlılarla qaynayıb-qarışıb. Çox geniş qohumluq əlaqələrinə malikdir.
Ceklilərin adət və ənənələri daha çox oğuz türklərinin adət-ənənələri ilə yaxındır. Onların əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olub. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar – xalça, palaz, kilim, şal, corab toxumaqla məşğul olurdu. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan “Cek xalçaları“nın mərkəzləşmiş məntəqəsi hesab olunur. “Cek xalçaları” Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir.
Cek kəndinin əlverişli coğrafi mövqeyi ceklilərdə turizm sektoruna çox böyük maraq yaradıb. Hazırda Cek kəndi Quba-Təngəaltı-Xaltan və Quba Qəçrəş-Minarə istiqamətləri ilə birlikdə rayonda turizmin inkişafının üç əsas istiqamətindən biri olan Quba-Cek-Xınalıq istiqamətinin mərkəzində yerləşir.
Əvvəlki dövrlərdə əsl səyahət, istirahət, turizm məskəni olan Cek kəndinin əhalisinin rayon mərkəzi ilə əlaqəsi payız-qış aylarında tamamilə kəsilir. Yaz-yay aylarında isə çox çətinliklə mümkün olurdu. Həmin dövrdə ceklilər nəqliyyat vasitəsi kimi hazırda Buduq və Qrızlılar üçün olduğu kimi, əsasən “QAZ-66”, “QAZ-53”, “ZİL”,”UAZ” “Niva” markalı avtomobillərdən və xüsusilə də atdan istifadə edirdi.
Cek kəndinə gedişi yaxşılaşdırmaq məqsədilə hələ 1987-ci ildə Quba-Qəçrəş-Qrızdəhnə-Xınalıq adlandırıan avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin göstərişi ilə 2006-cı il oktyabr ayının 7-də başa çatdırılıb. Ölkə prezidenti özü şəxsən 57 kilometrlik Quba-İspik-Xınalıq yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Cek kəndində təhsillə bağlı müəyyən addımlar atılıb. Belə ki, 2006-cı ilin əvvəllərində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına əsasən, Cek kəndində hələ 1928-ci ildə yaradılan məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası bərpa edilərək istifadəyə verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Xınalıq kəndində konteyner formasında olmaqla 128 nömrəlik, Əlik kəndində isə 64 nömrəlik elektron ATS-lərin quraşdırılmasını, yeni ATS-lərin keyfiyyətli işini təmin etmək üçün Söhüb və Əlik kəndləri arasında 10 km-lik, Əlik və Xınalıq kəndləri arasında 16 km-lik fiberoptik kabel xətlərinin çəkilişini, Qrız kəndində 4 ədəd, Qırızdəhnə kəndində 8 ədəd peykdən qəbul üsulu ilə telefonun verilməsini, Bostankeş yaşayış məntəqəsinə, Cek, Haput, Qalayxudat kəndlərinə telefon çəkilşini, Əlik kəndində yeni televiziya stansiyasının və FM vericisinin quraşdırılmasını, sakinlərin müraciətlərinə əsasən Xınalıq kəndində AzTV və İTV-dən başqa “Lider” TV-nin də yayımını, Xınalıq kəndində “Azərcell” mobil telefon rabitəsinin yayılmasını təmin edib. Bununla da Şahdağ platosunda yerləşən ən ucqar yaşayış məntəqələrinin sakinləri dünyanın istənilən nöqtəsi ilə telefon və internet rabitəsi yaratmaq imkanı əldə edib. Yaradılan imkanlar bu ərazilərdə, xüsusilə Cek kəndində turist qəbulunda yeni imkanlar yaradır.
Yazı “Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda mədəni müxtəliflik dəyərləri və onun turizmin inkişafında rolunun təbliği (Şahdağ milli etnik qrupu)” layihəsi çərçivəsində hazırlanıb.