PAYLAŞ
Malta aeroportu

Malta aeroportu martın 20-dən etibarən daxil olan bütün sərnişin reysləri üçün qapadılıb. Bundan sonra müvəqqəti olaraq ancaq yük, humanitar məqsədli və vətənə uçuşlar saxlanılıb.

AZƏRTAC xəbər verir ki, əsas gəlirləri turizm üzərində qurulan ölkədə bu günədək 38 koronavirus yoluxması faktı qeydə alınıb ki, bunlardan da 32-si xəstəliyi kənardan gətirib.

Aeroportun bağlanması və turistlərin gəlməsinə qoyulan qadağa ölkə iqtisadiyyatına çox ciddi ziyan vuracaq. Ümumdaxili məhsulunun dörddəbirinin turizm gəlirlərindən formalaşan ölkə üçün bu itkilər ağırdır və bu, kütləvi işsizlik deməkdir. Proqnozlara əsasən, növbəti ildə isə ölkə iqtisadiyyatı iki dəfə azalacaq.

Maltanın İqtisadiyyat naziri Silvio Şembri parlamentdəki çıxışı zamanı dediyi “xarici işçilər ölkələrinə qayıtmalıdırlar” sözləri ilə də tənqidlərə məruz qalıb. Nazir parlamentdə bunları demişdi: “Biz xeyriyyəçi deyilik. Ona görə də, ilk növbədə, Malta vətəndaşlarının aqibətini düşünməliyik. Xarici işçilər isə ölkələrinə qayıtmalıdır”. Daha sonra tənqidlərlə qarşılaşan nazir sözləri üçün üzr istəyərək bildirib ki, qanuni əmək müqaviləsinə sahib olan xaricilər deport olunmayacaq.