PAYLAŞ
MDB

İyulun 9-10-da Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Turizm Şurasının iclası keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla bildirir.

Şuranın üzvləri 2020-ci ilə qədər dövr üçün tədbirlər planının icrasına yekun vuracaq və 2021-2030-cu illər üçün analoji strategiya layihəsini müzakirə edəcəklər. Şengen müqaviləsi prinsipi üzrə birləşdirilmiş Mərkəzi Asiya vizasının yaradılması təşəbbüsü də nəzərdən keçiriləcək.

Görüş iştirakçıları Birlik ölkələrinin illik turizm yarmarkasının təsis edilməsi barədə Özbəkistan tərəfinin təklifini müzakirə edəcək, turizm sahəsində Özbəkistanın dövlət siyasəti sistemi barədə məlumat əldə edəcək və II Avropa Oyunları kimi iri beynəlxalq idman tədbirləri ərəfəsində turizm imkanlarının yaradılması və turizm məhsullarının reallaşdırılması sahəsində Belarusun təcrübəsini öyrənəcəklər.

Birlik ölkələrinin Turizm Şurası 1994-cü ildə yaradılıb. Onun fəaliyyəti beynəlxalq turizm əlaqələrinin inkişafına əlverişli şəraitin yaradılmasına yönəldilib.