Mediatur
Sentyabrın 16-da Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Səhiyyə Nazirliyi tərəfindən mehmanxanalarda növbəti monitorinq keçirilib.
AZƏRTAC xəbər verir ki, monitorinq prosesinin ictimaiyyətə çatdırılması məqsədilə “Landmark” və “Stalybridge Suites Baku” hotellərinə mediatur təşkil edilib.
Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, bütün dünyada tüğyan edən COVID 19 pandemiyası Azərbaycandan da yan keçməyib. Bununla da turizm sektoruna böyük zərbə vurmuş olub. Buna baxmayaraq təsdiq olunmuş qaydalara əsasən ölkəmizdəki mehmanxanalar fəaliyyətini bərpa edir. Qonaqları qəbul etməyə hazırdılar. Burada əsas məqamlar mehmanxanalarda sosial məsafənin gözlənilməsi, dizinfeksiya maddələrindən istifadə edilməsi, qəbul etdikləri qonaqların hərarətinin ölçülməsindən ibarətdir.
“Bakıda yalnız 65, ümumilikdə isə ölkə üzrə 229 mehmanxanada monitorinqlər keçirilib. Onların 80 faizində qaydalara tam riayət edilir. Bəzi hotellər ilk həftələrdə qəbul edilən standartlara cavab verməsə də, aparılan maarifləndirmə işlərindən sona nəticənin müsbətə doğru dəyişdiyini söyləyə bilərik”, – deyə Rüfət Bağırov əlavə edib.
Bildirilib ki, monitorinq çərçivəsində işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılır. Tələblərə cavab verən mehmanxanalar Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir.
Vurğulanıb ki, virusun turizmə vurduğu zərbəni minimuma endirmək lazımdır. Obyektlərə yardımçı olmaq məqsədilə dövlət sosial paketlər hazırlayır.

Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Zaur Kərimov deyib: “Monitorinqlər zamanı mehmanxanaların qida blokunda normalara və metodik göstərişlərin tələblərinə riayət edilməsi agentliyin əməkdaşları tərəfindən qiymətləndirilib. Bu zaman işçilərin xüsusi geyimlərlə təmin olunmasına, mətbəxdə və qida qəbulu zallarında təmizlik işləri apararkən müvafiq dizinfeksiyaedici maddələrdən istifadə edilməsinə diqqət yetirilib. Mətbəxlərlə bağlı müəyyənləşdirilən tələblərə əsasən qida məhsullarının səthi örtülü saxlanmalı və istifadə olunmuş qida yeniləri ilə qarışdırılmamalıdır. Qidanın saxlanılmasında müvafiq xüsusiyyətlər də nəzərə alınmalıdır”.

Qeyd edək ki, monitorinqlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə keçirilir.