PAYLAŞ
Memduh Unal

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında həm ticarət, həm də kənd təsərrüfatı sahəsində bir çox əməkdaşlıq imkanı var. Bu əməkdaşlıq məsələlərinin müzakirəsinə ehtiyac duyulur. Ona görə də İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclasına və Kənd Təsərrüfatı Nazirlərinin VI iclasına ev sahibliyi edən Azərbaycana çox təşəkkür edirik.

Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinin kənd təsərrüfatı və sənaye üzrə direktoru Memduh Unal dekabrın 3-də Bakıda AZƏRTAC-a məxsusi açıqlamasında bildirib.

Azərbaycan rəhbərliyinin ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün uzun illərdir çox məntiqli siyasət yürütdüyünü vurğulayan Memduh Unal deyib: “Azərbaycan neftin qiymətindən asılılığın aradan qaldırılması üçün qeyri-neft sektorunun inkişaf etdirilməsinə böyük önəm verir və bu sahədə bir çox uğura nail olub. Kənd təsərrüfatı, turizm sahələri də daxil olmaqla, qeyri-neft sektoruna investisiyalar artırılıb. Bu baxımdan beynəlxalq aləmdə Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət təqdir edilir. ECO-ya üzv dövlətlər arasında son 15 ildə iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Bu, bizim hesabatlarımızda da öz əksini tapıb”.