Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb
Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi böyük strateji hədəflərin uğurla həyata keçirildiyi Naxçıvan Muxtar Respublikasında qarşıya qoyulan vəzifələrin icra olunması, bütün sahələr üzrə əldə edilən ardıcıl nailiyyətlər qədim diyarı yeni-yeni zirvələrə doğru istiqamətləndirir. Ulu Öndərimizin işıqlı ideyalarına bağlılıqla, yüksək əzmkarlıqla, vətənpərvərliklə həyata keçirilən sosial-iqtisadi islahatlar, infrastruktur layihələri səmərəli nəticələr verir, şəhərlərlə yanaşı, ən ucqar kəndlər belə, abadlaşır, insanların həyat şəraiti hər gün daha da yaxşılaşır. Bu gün fəxrlə deyə bilərik ki, artıq muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Həmin yaşayış məntəqələrində sakinlərin firavan yaşayışı üçün hər cür şərait yaradılıb, göstərilən dövlət dəstəyi, mövcud əlverişli biznes mühiti mindən çox yeni ailə təsərrüfatlarının fəaliyyətə başlamasına yol açıb, insanların torpağa, yurda bağlılığı artıb.
