Ev Turizm Xəbərləri Milli turizmimizin inkişafında böyük əngəllər…

Milli turizmimizin inkişafında böyük əngəllər…

turizm

Dövlətin xüsusi dəstəyi sayəsində ölkədə sürətlə inkişaf edən sahələrdən birinin turizm sektoru olması artıq heç kimə sirr deyil. Görülən tədbirlər ölkəyə uz tutan əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artmasına təkan verib.

Hesablamalara görə, bu ilin yanvar-oktyabr aylarında ölkəmizə təşrif buyuran xarici ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 2,7 milyon nəfər olub. Ölkədə qış turizminə start verilməsi fonunda isə ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 3 milyonu keçməsi gözlənir ki, bu da turizm tarixində növbəti rekord sayılır.

Bununla yanaşı, hesablamalar göstərir ki, ölkədə turistlərin xərclədiyi vəsait ilin sonuna kimi 2,5 milyard dolları keçəcək. Bu da qeyri-neft sektorunun mühüm bir qolu kimi turizmin ölkəyə böyük həcmdə vəsait qazandırmasının daha bir təsdiqidir. Qeyd edilənlər həm də onun göstəricisidir ki, turizm sənayesi Azərbaycanda özünün yüksəliş mərhələsini yaşayır.

Qeyd edək ki, bir çox ölkələrin gəlirlərinin formalaşmasında turizm mühüm yer tutur. Məsələn, ABŞ, Fransa, İspaniya, Türkiyə, İtaliya, digər Avropa və Şimali Amerika ölkələrində hər il turizmdən on milyardlarla dollar həcmində gəlir əldə olunur. Beynəlxalq təcrübədən də aydın olur ki, ölkələrin istehsal potensialı, gəlirlilik səviyyəsi və məşğulluğunun artırılmasında turizm sektorunun əhəmiyyətli təsiri var. Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaq. Bu proqnozlardan da aydın görünür ki, turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyəti artır. Bütün bunlar nəzərə alınaraq turizm sahəsinin sosial-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən birinə çevrilməsi, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan üçün də prioritetdir. Artıq son illər dövlət səviyyəsində bu sahənin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər öz müsbət təsirlərini göstərməkdədir. Xüsusən də 2015-ci ildə bu sektorda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması turizm sahəsinin inkişafı üçün mühüm təkan sayılır.

Dövlət Turizm Agentliyinin xəttilə müxtəlif ölkələrdə Azərbaycan turizminin təşviqi də öz nəticələrini verir. Onu da bildirək ki, Dövlət Turizm Agentliyinin turizm strategiyasına uyğun olaraq Rusiya, Türkiyə, Çin, Böyük Britaniya, Gürcüstan, Sinqapur, Latviya, Cənubi Koreya, Almaniya, Hindistan, Vyetnam, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə turizm sahəsində ikitərəfli əməkdaşlıq üçün qarışlıqlı səfərlər təşkil olunur, müvafiq danışıqlar aparılır. Ölkəmizin turizm potensialının sürətli təbliği və ondan istifadə imkanlarının təşviq olunması üçün artıq 6 xarici ölkədə turizm nümayəndəliyi fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında ilbəil artım müşahidə edilir. Bakıda, eləcə də ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması da prosesə müsbət təsir edir. Ölkəmizin coğrafi mövqeyi, iqlim şəraiti, flora və faunasının zənginliyi, mədəni-tarixi irsi də turizmin inkişafında mühüm rol oynayır. Lakin bütün bunların fonunda problemlərin olması da danılmaz həqiqətdir. Ölkəmizə gələn əcnəbiləri narazı salan məqamlar da kifayət qədərdir. Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi bu xüsusda bildirir: “Turistlərin əsas şikayətləri restoranlarda qiymətlərin yüksəkliyi, yerli və əcnəbi vətəndaşlar üçün fərqli, yəni ikili menyudan istifadə olunması ilə əlaqədardır. Restoranlarda əcnəbilər üçün fərqli qiymətlərin olması restoran biznesinin konseptinə yaddır. Amma onu vurğulayım ki, bizdə otellərin qiyməti normaldır. Lakin ölkəmizdə turizmin bahalı olduğunu deyə bilərik. Buna görə də kütləvi turizmə nail ola bilmirik. Turistlərin qarşılaşdığı digər problemlərdən biri də otellərin ulduz təsnifatı ilə bağlıdır. Əcnəbi turistlər ölkəmizə gəlməzdən öncə internet üzərindən otellər haqda məlumatları araşdırırlar. Təəssüf ki, bu saytlarda bizim yerli otellərin ulduz dərəcəsi çox zaman düzgün göstərilmir. Biz assosiasiya olaraq, mütəmadi qaydada bu aqreqatorlara baxırıq və bir çox otelin ulduz dərəcəsinin düzgün qeyd olunmadığını görürük. İstehlakçının aldadılması isə düzgün deyil. Çünki otellər yalnız özlərini deyil, həmçinin ölkəmizi təmsil edirlər”.

Bu problemin qarşısını almaq üçün nə edilməli olduğu ilə bağlı ekspert bildirir: “Bəzi ölkələrdə bu kimi problemlərin dövlət səviyyəsində aradan qaldırılması üçün müəyyən addımlar atılıb. Məsələn, belə ölkələrdə dövlət tərəfindən həmin aqreqatorlara müraciət edilir, xahiş və tələblə bildirilir ki, bizim ərazimizdən qəbul etdiyiniz otellərin ulduz dərəcələrini göstərmək üçün dövlət şəhadətnamələrini tələb edin. Belə olan halda otel eyni zamanda ulduzunu, qiymətlərini, hava limanından nə qədər uzaqda yerləşdiyini, otaqlardakı şəraitini və dövlət şəhadətnamələrini göstərməli olacaq. Əcnəbi turistlərin aldadılmaması üçün biz də bu təcrübədən istifadə etməliyik. Bəzən binanın üzərində təsnifatına görə saxta ulduz qoyulur. Hətta elə otellərimiz var ki, ulduz dərəcəsinə görə təsnif olunmayıb. Son nəticədə bu, istehlakçının aldadılmasıdır. Ulduzların təsnifatı ilə bağlı Azərbaycandakı vəziyyətdən danışdıqda onu qeyd etməliyəm ki, hazırda bu iş dayandırılıb. Bizdə olan məlumata görə, 2020-ci ildən sonra otellərin təsnifat sisteminə qoşulmasına start veriləcək”.

Ekspert tur agentlərinin də üzərinə böyük iş düşdüyünü vurğulayır:“Adını “tour agency” qoyan şirkətlər bəzi hallarda yalnız tur biletlərinin satışı ilə məşğul olur, hansısa turizm məhsulu ortaya çıxarmaq iqtidarında deyillər. Qonaq cəlb etmək bilavasitə otelin işi deyil. Tur agentliklər, tur operatorlar bu işlə məşğul olmalıdır. Onlar bu işi qismən görürlər”. Hesab olunur ki, qeyd edilən bu problemlərin mümkün qədər tez həlli turizmin inkişafına, onun ölkə iqtisadiyyatında rolunun artmasına mühüm töhfələr vermək iqtidarındadır.