Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir.
26 iyul festivalın açılış mərasimi olub.
Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan da iştirak edib.
B.Ərdoğan Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.
Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.
Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar iştirak edir.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.
“Yaylaq Yurdu” adlı etnoqəsəbə artıq Gədəbəydə işinə başlayıb.
Mədəni-etnoqrafik hissədə tamaşalar, qədim xalq oyunları təşkil ediləcək. Yaylaq mətbəx nümunələri, xüsusən də odun üzərində xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və digər yeməklər bişiriləcək.
Həmçinin yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış yarmarkası olacaq.
Festival müddətində Azərbaycanda tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.
Tədbirdə qonaqlar və turistlər arasında kəndirdartma kimi kütləvi yarış və oyunlar təşkil ediləcək.