Misirin “Əl-Vəsilə” nəşri siyasi icmalçı və tədqiqatçı-alim Əhməd Əbdu Tərabeykin Şimali Afrikanın və ərəb Məğribinin mühüm ölkəsi olan Mərakeş ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə həsr etdiyi məqaləni dərc edib.
Məqalədə iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, rəsmi Bakı və Rabat dinlər və mədəniyyətlər arasında dialoqun möhkəmlənməsinə töhfə verirlər. Mərakeş Krallığı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü və işğal edilmiş ərazilərin dərhal azad edilməsi tələbi edir. Rəsmi Bakı isə Qərbi Səhra bölgəsi üzrə məsələdə Rabatın mövqeyini dəstəkləyir. Müəllif vurğulayıb ki, təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Mərakeş Kralı II Həsən tərəfindən ikitərəfli dostluq münasibətləri qoyulub. Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirilir.
Müəllif qeyd edir ki, ticari-iqtisadi sahədə Azərbaycanla Mərakeş arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialı mövcuddur. Belə ki, dost ölkələrin iş adamları yüngül sənaye malları, avtomobillər üçün ehtiyat hissələri, neft məhsullarının idxal-ixracı üzrə yeni kontraktlar imzalaya bilər. Mərakeşlə Azərbaycan arasında turizm, informasiya texnologiyaları, nəqliyyat, rabitə sahələrində əməkdaşlığın geniş perspektivləri var.
Məqalədə 2018-ci ilin martında Bakıda keçirilmiş Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində ikitərəfli əməkdaşlığa dair mühüm sənədlərin imzalandığı da qeyd edilib.