PAYLAŞ
Misir

Misirdə Nil çayında üzən kruiz gəmisində 33 nəfərdə koronavirus aşkar edilib. Onlardan birinin həyatını itirdiyi xəbərindən sonra bu ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb.

Səhiyyə naziri Hala Zayed ölkənin turizm sektorunun tam təhlükəsiz olduğunu və bütün otellərdə, səyahət gəmilərində dezinfeksiya işlərinin aparıldığını deyib. O əlavə edib ki, koronavirusa yoluxmuş xəstələrin də karantin şəraitində müalicəsi davam etdirilir.

Martın 8-də Misirin Turizm naziri Xalid əl-Anani, Mülki Aviasiya naziri Məhəmməd Manar və Luksor vilayətinin qubernatoru Mustafa Əlham turistlərlə birlikdə Karnak məbədinə təşkil olunan turda iştirak ediblər. Səyahət zamanı jurnalistlərə Misirin turizm sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, ölkədə koronavirusun yayılmasına qarşı bütün zəruri tədbirlər görülür və əcnəbi turistlərin narahatlığı üçün heç bir əsas yoxdur.