Dünya 2020-ci ili gözləyir. Yaranmış ənənəyə görə, təbii ki, başa çatan ilə ailələrdə, ölkələrdə, eləcə də dövlətlərarası münasibətlərdən söhbət gedəndə yekun vurulur. Rusiya ilə Azərbaycan arasında münasibətlərə gəlincə isə uzun illər ərzində əlaqələr, müxtəlif tədbirlər, praktiki işlərlə bu dərəcədə zəngin il xatırlamıram. İlk növbədə, ölkələrimizin prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında çox intensiv dialoq qeyd edilməlidir.
Bu sözləri Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, həmvətənimiz Mixail Qusman AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. O bildirib ki, dövlət başçıları arasında intensiv dialoq sadəcə formal görüşlərdən ibarət deyil. Bu dialoqun harada – Rusiya ərazisində, Azərbaycanda və ya beynəlxalq müstəvidə keçirilməsindən asılı olmayaraq, onların hər birinin məzmunu çox dərindir. Y.Qusman deyib: “Yeri gəlmişkən, Azərbaycan və Rusiya prezidentləri beynəlxalq tədbirlərdə görüşəndə, demək olar, hər dəfə ikitərəfli danışıqlar üçün vaxt tapırlar. Bu, heç də hamıya nəsib olmur və hər kəsdə alınmır. Son vaxtları götürsək, belə görüşlər Aşqabadda, Valdayda, Sankt-Peterburqda keçirilib. Bütün bunlar sadəcə bir zəncirin halqaları deyil, bir görüşün digərini tamamladığı çox mühüm siyasi pazldır. Hər belə görüşdən sonra impulslar, müvafiq strukturlar yaranır, dövlət orqanları bu və ya digər istiqamətdə daha fəal işləməyə başlayırlar. Statistikaya baxsaq, onun öz dolğunluğu, yüksələn xətt üzrə getməsi ilə güclü təəssürat oyatdığını görərik. Bütün istiqamətlərdə – iqtisadiyyatda, mədəniyyət və turizm sahələrində, insani münasibətlərdə əlaqələrimiz genişlənir. Bu gün ölkələrimiz arasında belə əlaqələrin olmasına biz yalnız sevinə bilərik”.
Mixail Qusman Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşünün təəssüratlarını bölüşüb.
Xatırladaq ki, Mixail Qusman Birinci vitse-prezident Mehriban Əliyevadan Rusiyaya səfərinin yekunlarına dair böyük müsahibə götürüb.
O deyib: “İlk növbədə, bu fürsətdən istifadə edib, mənim üçün doğma olan TASS agentliyinə, Rusiya televiziyasına müsahibə verdiyinə görə Mehriban xanıma təşəkkür etmək istəyirəm. Onun Moskvaya səfəri son dərəcə məzmunlu, Moskvada olduğu müddətdə keçirilən tədbirlərin, görüşlərin cədvəli inanılmaz dərəcədə gərgin idi. Bu cür gərgin cədvələ davam gətirmək olduqca çətin idi. Buna görə də həmin fürsətə görə ona bir daha təşəkkür etmək istəyirəm. Bu, bir növ onun səfərini yekunlaşdıran son nöqtə idi, o baxımdan ki, Mehriban xanım Moskvaya səfərinin nəticələrinin aspektlərini düzgün müəyyənləşdirmişdi. O, diqqətəlayiq məqamlardan çox obrazlı şəkildə danışdı. Biz bu səfər barədə danışmaqdan yorulmuruq, çünki onun əhəmiyyəti protokol xarakterli rəsmi səfər çərçivəsindən çox kənara çıxır. Qonşu və qonşu olmayan ölkələrdə müşahidə etdiyimiz müxtəlif siyasi vəziyyətlər fonunda Azərbaycanın rəhbərlərindən birinin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu əlamətdar səfəri, onun Rusiyada keçirdiyi görüşlər ölkələrimizin saysız-hesabsız bədxahlarını müəyyən mənada qıcıqlandırıb. Rusiya Azərbaycana münasibətini çox dəqiq, çox açıq və səmimi nümayiş etdirib. Rusiya rəhbərliyi, ilk növbədə, Prezident Vladimir Putin bu ölkənin Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti göstərib”.
Azərbaycanda aparılan islahatları böyük diqqətlə izlədiyini vurğulayan həmvətənimiz daha sonra deyib: “Əlbəttə, bütün bunlar Azərbaycana biganə olmayan hər kəsdə böyük maraq doğurur. İlham Əliyevin elan etdiyi islahatlar, Azərbaycanın inkişafına dinamika vermək kursu, şübhəsiz, komandanın yenilənməsi ilə bağlıdır, çünki İlham Heydər oğlu və Mehriban xanım öz böyük liderlik keyfiyyətləri ilə birlikdə komandaya arxalanmalıdırlar. Bu, öz liderlərini başa düşən, Azərbaycan Prezidentinin barəsində danışdığı islahatlara istiqamət götürmüş mütəşəkkil və vahid komanda olmalıdır. İlham Əliyev ölkəyə başçılıq etdiyi illərdə artıq dünyaya parlaq nəticələr nümayiş etdirib, lakin bu, yetərli deyil. Müasir çağırışlar yeni nəticələr, yeni nailiyyətlər tələb edir və zənnimcə, İlham Əliyev və Mehriban Əliyeva ölkəni məhz buna yönəldirlər. Düşünürəm ki, həmin islahatları diktə edən də məhz budur. Hesab edirəm ki, yeni kadrlar arasında Azərbaycanın müasir dövlət xadimlərinin görkəmli nümayəndələri var. Bütün bunlar o deməkdir ki, ölkə qarşısında duran vəzifələri birlikdə, mütəşəkkil şəkildə yerinə yetirmək lazımdır və hamı bunu gözləyir”.
Rusiyadakı Azərbaycan diasporundan danışan Mixail Qusman vurğulayıb ki, Rusiyada xeyli sayda həmvətənimiz yaşayır. O deyib: “Bəzi hesablamalara görə, söhbət müxtəlif səbəblərdən burada yaşayan milyonlarla insandan gedir. Mən, xüsusən, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Moskvada keçirilən tədbirlərdə tez-tez öz dostlarımı, həmvətənlərimi görürəm. Yeri gəlmişkən, səfir Polad Bülbüloğlu həmvətənlərimizi Azərbaycanın tarixi günləri ilə bağlı müxtəlif tədbirlərə toplamağa çox böyük diqqət yetirir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov bu yaxınlarda Moskvaya səfər edib. Düşünürəm ki, o, səfər çərçivəsində keçirilən görüşlərdə çox mühüm məsələlərdən xəbərdar oldu. Mənə belə gəlir ki, xüsusən Rusiyada həmvətənlərlə bağlı işdə yeni addımlar, yeni qərarlar və bəlkə də yeni insanlar tələb olunur. Zənnimcə, Rusiyada həmvətənlərin birləşməsinə böyük əhəmiyyət verilməlidir ki, ünsiyyət üçün daha geniş məkanlar olsun, daha çox tədbirlər keçirilsin. Bizim hamımızı bir məqam – tarixi Vətənə məhəbbət hissi, bu ölkənin inkişaf etməsi istiqamətində səylər birləşdirir. Bu, vaxtilə Con Kennedinin dahiyanə şəkildə dediyi kimi əbədi formuldur. C.Kennedi deyib: “Demə ki, vətən sənin üçün nə edə bilər, de ki, sən vətən üçün nə edə bilərsən”. Mən də müxtəlif səbəblərdən öz tarixi evindən uzaqda yaşayan həmvətənlərə demək istəyirəm: “Demə ki, Azərbaycan sənin üçün nə edə bilər, de ki, sən Azərbaycan üçün nə edə bilərsən!”.
Mixail Qusman Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdıraraq deyib: “İnsan təbiətən hər şeyin yaxşı olacağına ümid bəsləyir. Hər dəfə yeni ildən çox yaxşı, fərəhli və işıqlı nə isə gözləyirsən. Balaca uşaqlar Yeni ilin birinci günü yuxudan oyananda yolkanın altında valideynlərinin, nənə-babalarının onlara bağışladıqları hədiyyələri tapırlar. Onlar belə bir ümidlə yaşayırlar ki, bütün il onun birinci günü kimi bayram əhval-ruhiyyəli olacaq. Tanrıdan uşaqlara da, böyüklərə də xoşbəxt və fərəhli bir il diləyirəm. Lakin problem bundan ibarətdir ki, – Mehriban xanım bunu çox düzgün qeyd etdi, – fərəhli günlər istər-istəməz o qədər də xoş olmayan, bəzən də kədərli günlərlə əvəzlənir və həyat da məhz bundan ibarətdir”.
Mən sadəcə arzu edirəm ki, fərəhli günlərin sayı çox olsun, cansağlığı olsun, Vətənim Azərbaycan inkişaf etsin və Azərbaycanda görülən işlər insanlara fayda gətirsin. Mən Azərbaycan rəhbərliyinə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident və birinci xanım Mehriban Əliyevaya müvəffəqiyyət arzu etmək istəyirəm, çünki onlar öz ölkələri, öz xalqı üçün çox işlər görürlər. Arzu edirəm ki, Azərbaycanın bütün vətəndaşları öz ölkələri naminə öz liderlərinin ətrafında sıx birləşsinlər. “