PAYLAŞ
Vyana

Xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsəz olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim Motsartın vətənini görüm. Hər dəfəsində də Vyananın fərqli yerlərini kəşf etmişəm. Türklər demiş lafı uzatmadan keçim Vyana haqqında praktiki məlumatları bölüşməyə.

İlk öncə Vyanaya nə zaman getməli? sualından başlayaq. Vyanaya ilin hansı dövrü getsəniz fərqli bir şəhər görəcəksiniz. Qışda getsəniz, milad bayramı öncəsi möhtəşəm bəzənmiş Vyana sizi özünə valeh edəcək, yaz və ya yayda getsəniz Vyanada olan saray və parkların yaşıllığından həzz ala biləcəksiniz. Qışda onsuz da hazırlıqlı gedəcəksiniz amma yayda gedərkən mütləq özünüzlə qalın bir şey götürün, çünki Vyananın havasının necə və nə vaxt dəyişəcəyi bəlli deyil. Günlü günəşli bir havada 20 dəqiqə içərisində göyün üzünü qapqara buludlar ala və leysan yağış yağa bilər. Ona görə də ehtiyat igidin yaraşığıdır

Vyana

Vyanaya necə getməli? sualına cavab olaraq bildirim ki, Əgər WizzAirlə Bakıdan Budapeştə gəlirsinizsə, Budapeştdən qatarla getmək istəsəniz Macarıstan dəmir yolları saytından bilet sifariş edə bilərsiniz. Qeyd edim ki, əgər Macarıstan dəmir yollarından bilet almısınızsa mütləq Macarıstanı tərk etməmişdən həm gediş həm də dönüş biletlərinizi dəmir yol vağzallarındakı maşınlarda çap edin. Sonuncu dəfə Vyanadan gələndə biletimi Budapeştdə maşında çap etməmişdim deyə biletim etibarsız sayıldı və yenidən bilet almaq məcburiyyətində qaldım. Buna görə də biletimizi çap etməyi unutmuruq. Əgər Budapeştdən Vyanaya avtobusla getmək istəsəniz Flixbus və ya Orange Ways şirkətinin xidmətlərinə istifadə edə bilərsiniz.

Vyanada nə yeyə bilərik? 

Şnitzel

Bu sualın cavab olaraq yəqin ki, hamınız bilirsiniz ki, şnitzel german xaqlarının ən məşhur yeməklərindən biridir, ona görə də Vyanaya gəlib də Şnitzel yemədən qayıtmayın. Şnitzelin yanında verilən kartof salatı da çox dadlı bir şeydir, dadına baxın məncə. Desertlərdən isə sachertorte və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.

Bəs harada gecəliyək ? 

A&O Wien Stadthalle

Vyanaya çatdıq, toqqanın altını bərkitdik indi harada gecələməli? sualına cavab axtaraq. Bütün digər şəhərlərdə olduğu  kimi burada da booking.com-dan hotel/hostellərə bxa bilərsiniz, Airbnbdən otaq və ya ev kirayələyə bilərsiniz. Tətilinizi ucuza gətirmək istəsəniz Couchsurfingdən də istifadə edə bilərsiniz. Mən Vyanada 2 fərli məkanda qalmışam. Keçən il gedəndə A&O Wien Stadthalle ** hostelində qalmışdım. Avqust ayında 6 nəfərlik otaqda 1 nəfər üçün 19 avro ödəmişdim. Hostelin təmizliyi və sakitliyi kifayət qədər yaxşıdır, sadəcə mərkəzdən 1.5 km məsafədə yerləşir, istəsəniz piyada istəsəniz də metroyla mərkəzə getmək olar. Bu il gedəndə isə Liechtenstein *** qonaq evində qaldıq. 3 nəfərlik otaq üçün bir gecəsinə 75 avro ödədik. Qonaq evi şəhərin tam mərkəzində yerləşir, pulsuz wi-fi ilə təmin olunub. Hər otağın ayrıca hamam və tualeti var və otaqlar təmizdirlər,  verdiyiniz pulun əvəzini deyərdim ki artıqlaması ilə ödəyir.

Vyananın gəzməli-görməli yerləri

Gəldik yazımızın əsas hissəsinə – Vyananın gəzməli-görməli yerlərinə. İlk öncə başlayaq Vyana zooparkından, deyə bilərsiniz ki, zoopark zooparkdır da nə fərqi var? əslində düz deyirsiz amma Vyana zooparkının digər ölkələrdəki zooparklardan fərqi odur ki, bu zooparkda siz pandaları yaxından görə bilərsiniz, əlbəttə ki, panda sevərsinizsə. Növbəti baş çəkəcəyiniz məkan Şönbrun sarayıdır (Schönbrunn Palace). Saray Avstriya-Macarıstan imperiyası  dövründə Habsburq monarxlarının yay istirahət məkanı olub, 1950-ci illərdən isə əsas turist məkanlarından birinə çevrilib. Sarayın içinə giriş 12 avrodur, sarayın bağlarına giriş üçün ödəniş tələb olunmur, bağları gəzib ağacların arasıyla təpəyə də qalxa bilərsiniz. Orada bütün saray əlinizin içində kimi görsənir.

Schönbrunn Palace

Şəhərin mərkəzindəki əsas görməli yerlərin siyahısına isə habsburqların Hofburg sarayı və ya Imperial Palace başçılıq edirSarayın önündə isə faytonlar durur burada faytonlara minərək şəhər turu edə bilərsiniz. Mərkəzdəki növbəti görülməli məkan əlbəttə ki, Dövlət Opera Evidir. Xüsusilə klassik musiqi həvəskarısınızsa opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. Operanın xüsusi akustikası sizi klassik musiqinin sirli dünyasına aparacaqdır.

Növbəti baş çəkəcəyiniz məkan Müqəddəs Stefan Katedralıdır (St. Stephen’s  Cathedral). Katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, istəsəniz içəridə 1 avro ətrafında bir məbləğ ianə etməklə dua edib, şam da yandıra bilərsiniz. Sonra mütləq baş çəkilməli məkan Təbiət tarixi muzeyidir (Natural History Museum). Muzeydə dinozavr fosillərini görə bilərsiniz.  Təbiət tarixi muzeyinin arxa tərəfində Muzey Rayonu və ya Museums Quartier yerləşir, bura dünyanın ən böyük 8ci mədəni ərazisidir. Burada bir neçə muzey yerləşir, əgər muzeylərə marağınız varsa baş çəkmək məsləhətdir. Muzeyləri gəzib yorulandan sonra meydanın mərkəzində olan kiçik, rahat kafelərdə oturub bir pivə içə bilərsiniz. Təbiət Tarixi Muzeyi istiqmətində irəliləsəniz Avstriya Patlamentinin binası ilə qarşılaşacaqsınız. Təbii ki, Budapeştdəki Parlamentdən sonra bu bina çox kiçik və çəlimsiz görsənəcək amma üzərindəki işləməli heykəllərdən zövq alacaqsınız.

Rathaus

Rathaus

Parlamentdən gəldiyiniz istiqamətdə irəliləsəniz qarşınıza 1800-cü illərin sonunda neo-qotik üslübda tikilmiş Rathaus çıxacaqdır, bizim dildə desək İcra Hakimiyyətinin binası. Rathausun qarşısında yaz, yay, qış hər zaman nəsə bir tədbir keçirilir. Qışda milad bazarı (christmas market), yayda sadəcə kiçik kafelər şnitzel təklif edir, bu yay gedəndə isə böyük ekranda Avropa Çempionatının oyunlarını izləmişdik.  Elə gəldiyiniz yolla irəliləsəniz qarşınıza dünyaca məşhur Vyana Universiteti çıxacaqdır, Universitetin qarşısından keçib parka girəndə isə Vyananın ən gözəl binalarından biri olan Votiv kilsəsini görəcəksiniz. Bir çox avstriya memarlıq nümunələri kimi, bu bina da neo-qotik üslübda tikilib. Qeyd edim ki, Liechtenstein *** qonaq evi kilsədən cəmi 100-150 metr məsafədədir. Vyana kilsələrindən Müqəddəs Peter (St. Peter) kilsəsi də mütləq baş çəkilməli olan kilsələrdəndir. Kilsələr siyahısında sonuncu görülməli olanı Müqəddəs Çarls (St. Charles) kilsəsidir. Kilsə tam şəhər mərkəzində yerləşməsə də hardasa mərkəzdən 10-15 dəqiqəlik yerimə məsafəsindədir. Amma sırf bu kilsəni görmək üçün o yolu qət etməyə dəyər.

Friedensreich Hundertwasserin

Friedensreich Hundertwasserin

Şəhərin ən fərqli arxitektur binası isə Kunst Hausdur. Bina əvəllər mebel fabriki olub, sonradan rəssam Friedensreich Hundertwasserin dizaynı ilə dizayn edilib üzərinə rəngli boyalarla şəkillər, grafiklər və grafitilər çəkilib. Friedensreich Hundertwasser tərəfindən dizayn edilmiş digər bina isə müəllifin adıyla adlandırılan Hundertwassehausdur. Vyananın bütün binalarını gəzib gördükdən sonra hiss edirsən ki, bu 2 bina şəhər üçün “yaddır”, heç bir başqa binaya, arxitektur işə bənzəmirlər amma eyni zamanda da şəhərə xüsusi bir gözəllik, cazibə verirlər.


Mariahilfer Strasse

Bilirik ki, bloqumuzu oxuyanlar şoppinq etməyi də çox sevirlər ona görə də, onlar üçün də Vyanada gediləcək yeri unutmamışıq  Bütün Mariahilfer Strasse və ya Mariahilfer küçəsi boyu geyim aksesuar mağazaları sıralanıb. Buradan zövqünüzə və tərzinizə uyğun mağazalardan alış-veriş edə bilərsiniz.

Mariahilfer Strasse

Motsartın vətəni Vyana haqqında bu qədər.