Mədəni turizmdə klasterləşməyə dair dəyirmi masa keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, dəyirmi masada sahibkarlar turizm sahəsində klasterləşmə, “Kiçik və Orta Biznes klasteri” (“KOB klaster“) anlayışı, Vergi Məcəlləsində “KOB klaster”lər üçün nəzərdə tutulan vergi güzəştləri barədə məlumatlandırılıb. Turizm sahəsində çalışan sahibkarların və bu sektorda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin, eləcə də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir “Mədəni turizmdə klasterləşmənin səmərəliliyinin artırılması” mövzusuna həsr olunub.
Dəyirmi masada mədəni turizm, turizm sahəsində klasterlərin yaradılmasından danışılıb. Klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər, mədəni turizmdə klasterləşmənin səmərəliliyinin yüksəldilməsi kimi məsələlər müzakirə edilib, sahibkarların müvafiq sahədə təklifləri dinlənilib. Onları maraqlandıran suallar cavablandırılıb.
KOB klaster eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gəlir. Ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması əsas məsələlərdəndir. Vergi Məcəlləsində “KOB klaster“lər üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, “KOB klaster şirkəti” 7 il müddətində mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. “KOB klasterin iştirakçısı” isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur.
Diqqətə çatdırılıb ki, KOBİA “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib. Hazırda “KOB klaster şirkəti“nin meyarlarını müəyyən edəcək. Müvafiq sənəd və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” hazırlanır.