PAYLAŞ
viza

Bayram səyahəti də ölkəyə yox, Gürcüstana xeyir verir…

Yeni il bayramı münasibəti ilə bir çox insan istirahət üçün t xarici ölkələrə səyahət edirlər.

Azərbaycanlılar ölkəxarici turlarda ən çox Türkiyə, Rusiya, Gürcüstan, Dubay, nisbətən də Ukrayna kimi ölkələri seçir.

Cebhe.info-nun əməkdaşı bir neçə turizm şirkətlərinə baş çəkib, turpaketlərlə maraqlanıb.

“Comfort Travel Azerbaijan” turizm şirkətinin nümayəndəsi Ceyhun Fərəcov Cebhe.info-ya açıqlamasında vətəndaşların ən çox Tükiyə və Gürcüstana marağı olduğunu deyib:

“Vətəndaşlar ən çox Türkiyə və Gürcüstana səyahət edirlər. Türkiyəyə biletlər çox baha olduğu üçün vətəndaşlar avtobusla Gürcüstana gedib, oradan təyyarə ilə Türkiyəyə səyahət edirlər. 1 adam Azərbaycandan Gürcüstana avtobusla 20 manata gedir. Oradan da Türkiyəyə 350 manata gedib qayıdır. Təsəvvür edin ki, Azərbaycandan birbaşa İstanbula gedib qayıtmaq 600 manata başa gəldiyi halda, Gürcüstandan isə eyni yerə gedib gəlmək 350 manata başa gəlir. Yəni Azərbaycanda təyyarə biletləri çox bahadır. Bu sadaladığım yalnız biletin qiymətidir. Əlavə tur xidmətlərinə isə hotel və gəzinti, səhər yeməyi daxildir ki, ona da ayrıca məbləğ ödənilir. Müştərinin qaldığı hoteldən asılı olaraq bilet pulu və tur xidmətləri də daxil olmaqla İstanbula gedib qayıtmaq minimum 800-900 manata başa gəlir”.

“MIRVARI TRAVEL” turizm şirkətindən Cebhe.info-ya verilən açıqlamada ən çox Türkiyə, Dubay, Rusiya və Ukraynaya üstünlük verildiyi deyilib:

“Ən çox Türkiyə və Dubay turlarına üstünlük verilir. Rusiya və Ukraynaya da gedənlər var. Rusiyaya əsasən müalicə məqsədi ilə gedirlər. Azərbaycandan İstanbula gedib 4 gecə qalıb qayıtmaq üçün turpaket də daxil olmaqla 1 nəfər üçün 420 dollar, 2 nəfər üçün isə 750 dollar təşkil edir. Paketə aviabilet, səyahət sığortası, səhər yeməyi, üçulduzlu hoteldə qalmaq daxildir. Yəni iki nəfər üçün tur ucuz başa gəlir. Dubaya getmək üçün isə viza lazımdır. Viza da daxil olmaqla 1 nəfər üçün səyahət pulu 630 dollar təşkil edir. Burda da turpaket var. Paketə ikiulduzlu hoteldə 4 gecə qalmaq, viza haqqı daxildir. İki nəfərlik eyni qayda ilə səyahət haqqı 1040 dollar təşkil edir”.