Son illər Azərbaycanın turizm infrastrukturunun inkişaf etməsi nəticəsində ölkəmizə gələn turistlərin sayı ilbəil artır. Ölkəmizin unikal təbiəti turistlərin diqqətini cəlb edir. Lakin bəzi turizm bölgələrində göstərilən xidmətin səviyyəsi elə də ürəkaçan deyil. Üstəlik də, qiymətlərin bahalığı müəyyən narahatlıqlar doğurmaya bilmir. Bu istiqamətdə hələ çox işlər görülməlidir ki, bu sahə ən üstün səviyyədə inkişaf etsin.
Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən turizmin inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Prezident Xaçmaz Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin etdiyi E.Rzayevin qarşısına bir sıra tələblər qoyub, o tələblərdən biri də Nabranda turizmin daha yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı olub. “…Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da nadir təbii məkandır. Əlbəttə ki, orada turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu, belə deyil. Mən Xaçmaz rayonuna son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir…” – deyə ölkə başçısı qeyd edib.
Tanınmış iqtisadçı ekspert Natiq Cəfərli baki-xeber.com-a bildirdi ki, bu gün həqiqətən də bu sahədə yenilənməyə, yeni qaydalar tətbiq edilməsinə ehtiyac var. Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərin sözügedən turizm məkanında turistlər üçün daha müasir, daha əlverişli şərait yaradılması ilə bağlı olduğunu deyən N.Cəfərli hesab edir ki, bu bölgəyə daha çox sayda turist cəlb etmək üçün mütləq vurğulanan məsələlər həllini tapmalıdır. “Əslində, turizm infrastrukturu cəlbedici olmasa və həm qiymətə, həm də xidmətə görə kifayət qədər təqdirini qazanmasa bu sahədə ciddi uğurların əldə edilməsi ciddi problemə çevrilir. Doğrudan da, Nabran bölgəsində illərdən bəri formalaşan bir yanaşma var idi ki, yalnız təbiətin verdiyi imkanlardan istifadə edərək bölgəyə turist cəlb edilməlidir. Yəni hər şey təbii imkanlara hesablanmışdı. Hələ Sovet dövründən universitetlərin, bəzi müəssisələrin Nabranda turist bazaları tikilirdi. Bu yenə də təkrar edirəm yalnız təbiətin verdiyi üstünlüklərdən qaynaqlanırdı. Amma müasir XXI əsrin turizm, turist profili, insanların öyrəşdiyi xidmət və qiymət dəhlizi Nabran və ümumiyyətlə həmin bölgənin istirahət yerlərində hələ də tam təmin edilməmişdi, bu sahədə kifayət qədər problemlər vardı. Müasir turist isə daha başqa xidmət və əyləncə növlərindən istifadə etməyi düşünür, amma Azərbayanın bir çox turizm bölgələrində, o cümlədən də Nabranda turistə xidmət deyəndə yalnız yataq və yemək xidməti ilə kifayətlənirlər. Burada da bəzən qiymətlər çox baha olur. Bu amil də turist potensialının həmin turizm bölgəsinə gəlməməsinə, başqa bölgələri seçməsinə səbəb olur. Nabran bölgəsində təbiətin verdiyi kifayət qədər üstünlüklər var. Bölgənin həmin üstünlüklərindən normal şəkildə istifadə edərək, o üstünlükləri gəlirə çevirmək tam mümkündür. Burada infrastrukturun yenilənməsi, cəlbedici hala gətirilməsi, ekoturizmin inkişafı çox vacibdir. Hətta bu bölgədə bu gün insanları özünə cəlb edən ekstrimal turizm növlərinin inkişafına da ehtiyac var. Nabranın təbii, coğrafi şəraiti ekstrimal turizmin inkşafına böyük şərait yaradır, imkanlar açır. Burada ekstrim turizimin kifayət qədər inkişaf etmiş bazarını yaratmaq olar, ekstrimi sevən turistlər buranı seçərlər. Hesab edirəm ki, turistə və turizmə primitiv baxışa son qoyulmalı, bu sahənin inkişafına diqqət yetirilməlidir. Turist yalnız yemək və yatmaq haqqında düşünmür. Nədənsə Azərbaycanın bəzi turizm bölgələrində belə düşünürlər ki, turistin yeganə istəyi yemək və yatmaqdır. Belə deyil. Turisti başqa məsələlərlə cəlb etmək lazımdır. Kifayət qədər problem ondan ibarətdir ki, rəqiblərimiz öz qonşularımızdır”.
Turist cəlbetmə sahəsində ən böyük rəqiblərimizin Türkiyə və Gürcüstan olduğunu deyən N.Cəfərli hesab edir ki, Azərbaycanın turizmin inkişafı ilə bağlı gec start götürməsi bu dövlətlərin bu sahədə bizi önləməsinə səbəb olub. N.Cəfərlinin sözlərinə görə, biz bu sahəni elə inkişaf etdirməliyik ki, rəqiblərimiz bizim turistləri özlərinə cəlb edə bilməsinlər. “Biz xarici turistlərə normal xidmət göstərə bilməsək onlar rəqiblərimizi seçəcəklər və bu işdə rəqiblərimizə uduzacağıq. Biz Gürcüstan və Türkiyə təcrübəsində görürük ki, onlar turistlərə daha maraqlı marşrutlar təklif edirlər. Onlarda tarixi, ekstrim idman növləri, ekoturizm və s. bağlı xidmətlər var. Nabran da turizm üçün coğrafi baxımdan çox böyük potensialı olan bölgədir və ekoturizm, ekstrimal turizm baxımından ideal bir məkandır. Amma bizdə turizmlə məşğul olan şirkətlər və dövlət qurumları nədənsə bu məsələyə çox az diqqət yetirirlər” – deyə N.Cəfərli bildirdi.