Nadir təbii tərkibə malik olan müalicəvi əhəmiyyətli Naftalan neftinin şöhrətinin bütün dünyada ildən-ilə daha geniş yayılması bu şəhərə gələn turistlərin sayında son 5 ildə hər il yeni rekordun qeydə alınması ilə nəticələnib. İndi Azərbaycanda, xüsusən də respublikanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalanda turizmin inkişafı üçün görülmüş bütün işlər – şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin, sanatoriyaların tikilməsi ilə yanaşı, həm də turist məmnunluğunun yaradılmasını zəruri edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Gözəl Naftalan” sanatoriyasının dəstəyi ilə mərkəzdə ilk dəfə olaraq turistlərə göstərilən xidmətin daha da yüksəldilməsi və turist məmnunluğun təmini məqsədilə burada “Naftalan 24/7” satıcısız mağaza fəaliyyətə başlayıb.
Pilot layihə kimi istifadəyə verilən mağazada turistlərin daha çox ehtiyacı olan 20-dək çeşiddə tələbat malları satışa çıxarılıb.
Mağazadakı məhsullar arasında, həmçinin “Naftalan məlhəmi” MMC-nin hazırladığı diş pastaları, kremlər, yağlar, şampunlar, sabunlar və digər təbii tərkibli, müalicəvi əhəmiyyətli məhsullar yer alıb. Mağazada satışa çıxarılmış məhsulların qiyməti 50 qəpikdən – 10 manatadək təşkil edir.
Qeyd edək ki, sahibkar Elvin Əliyev turistlərin və şəhər sakinlərinin məmnunluğuna xidmət edən bu tipli layihələrin gələcəkdə də davam etdiriləcəyini və satışın nağdsız ödəmələr vasitəsilə aparılacağını deyib.
Naftalanda ilk satıcısız mağazanın fəaliyyətə başlaması xarici turistlər tərəfindən də məmnunluqla qarşılanıb.
Turistlər arasında Rusiyadan olanlar üstünlük təşkil edir. Moskvadan gələn Vladimir Mamonov indiyədək dünyanın bir çox istirahət mərkəzlərində – Çexiyada Karlovı Varıda, Krımdakı, Şimali Qafqazdakı və MDB məkanındakı sanatoriyalarda istirahət etdiyini deyib. Ancaq oralarda belə mağaza görməyib. “Naftalan 24/7” mənim gördüyüm və turistlər üçün nəzərdə tutulmuş ilk satıcısız mağazadır. Naftalanda belə bir mağazanın fəaliyyətə başlaması mənim üçün çox xoş oldu. Bu, müştərilərə, xüsusən də xarici turistlərə olan böyük diqqət və inamdır. İndi biz istədiyimiz vaxt özümüzə lazım olan malları bu mağazadan ala bilərik. Budur, mağazadan Naftalan nefti əsasında hazırlanan müalicəvi şampun almışam. Qonaqpərvər və xoşniyyətli bir mühitdə istirahət etmək məndə məmnunluq yaradır. Düşünürəm ki, gələn il xanımımla bu gözəl məkana mütləq bir də gəlməliyəm”, – deyə o bildirib.
Yunanıstandan gələn Lyudmila Turingina isə deyib: “Rusiya vətəndaşıyam, lakin hazırda Yunanıstanda yaşayıram. Avropada ancaq fermerlər bu tipli mağazalarda öz məhsullarını müştərilərə təqdim edirlər. O mağazalarda ödəmələr satıcısız, yalnız inam əsasında həyata keçirilir. Ona görə də mən Avropada və digər ölkələrdəki sanatoriyalarda turistlərə xidmət göstərən bu cür satıcısız mağaza görməmişəm. Bəzən biz turistlər gələrkən nəyisə evdə unuduruq. Ona görə də məhz bizə xidmət göstərən belə mağazalara ehtiyacımız olur. Təqdirəlayiq təşəbbüsdür”.
Rusiyadan olan digər turist Svetlana Baruzina da yeni fəaliyyətə başlayan “Naftalan 24/7” satıcısız mağazasının ilk müştərilərindəndir. O deyib: “Mən buradan təbii məhsullar – Naftalan nefti əsasında hazırlanmış diş məcunu və üz dərisi üçün krem almışam. İnanıram ki, bu vasitələrlə mən cavanlığımı, gözəlliyimi, dərimin təravətini və sağlam təbəssümümü qoruyub saxlaya biləcəyəm. Bu məhsulların heç birində kimyəvi qatqılar yoxdur. Satışa çıxarılan bütün məhsullar təbii vasitələrdən hazırlanıb. Ümumiyyətlə, mən “Gözəl Naftalan”da aldığım müalicənin səmərəsini heç bir ölkədəki müalicə ilə müqayisə edə bilmərəm. Artıq ikinci dəfədir “Gözəl Naftalan”da müalicə alıram və gələcəkdə yenə gəlməyi düşünürəm. Əla müalicə və xoş ünsiyyət mənim kimi hər bir turistin əsas istəyidir. Bu şansı qazandığıma görə bizi düşünən insanlara təşəkkür edirəm”.
Mahaçqaladan olan turist Maqomed Malomaqomedov isə bildirib ki, doğmalarının tövsiyəsi ilə ilk dəfə olaraq bu sanatoriyada müalicə alır. “Düzünü desəm, bu cür yüksək xidmət və peşəkar kollektivlə əhatə olunacağımı təsəvvür etmirdim. Bu gün müalicə aldığım “Gözəl Naftalan”da fəaliyyətə başlayan yeni tipli mağaza turist məmnunluğuna xidmət edən xoşniyyətli təşəbbüsdür. Burada bizə lazım olan əsas mallar var. Mən bu xoşniyyətli təşəbbüsü alqışlayıram və vasitəçilərə minnətdarlığımı bildirirəm”.