Ev Turizm Xəbərləri Naftalanda yeni turizm-sağlamlıq mərkəzləri tikilir

Naftalanda yeni turizm-sağlamlıq mərkəzləri tikilir

Naftalan

Respublikamızın qərb bölgəsində sağlamlıq turizminin beynəlxalq mərkəzinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında artım olub. Qeydə alınmış artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edib.

Hazırda şəhərdə tikintisi aparılan 5 turizm mərkəzindən biri də “Gold Naftalan” istirahət və sağlamlıq mərkəzidir.

Şəhərin Nizami Gəncəvi küçəsində yerləşən mərkəzin ərazisi 1 hektar, ümumi sahəsi 8450 kvadratmetr, tikintialtı sahəsi 1560 kvadratmetrdir. Dördmərtəbəli mərkəz 144 otaq, 288 yerdən ibarətdir. Həmçinin mərkəzin zirzəmisində texniki və yardımçı otaqlar, çamaşırxana, müalicə hovuzu, anbar, 1-ci mərtəbədə yeməkxana, personal otaqları, 2-ci, 3-cü, 4-cü mərtəbələrdə həkim otaqları, 108 yataq otağı və mansard hissədə 36 yataq otağı var. “Gold Naftalan” istirahət və sağlamlıq mərkəzi fəaliyyətə başladıqdan sonra burada 55 nəfər daimi işlə təmin ediləcək.

Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir. Burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq. Burada işləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.