Azərbaycan Turizm Bürosu tərəfindən Hindistandan olan turizm şirkətləri ilə yerli turoperatorların nümayəndələri arasında tanışlıq görüşü təşkil olunub.
B2B xarakterli və 50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.
Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi Bakıda və regionlarda Azərbaycanın turizm potensialının təqdimatı və ölkəmizə gələn əcnəbilərin sayını artırmaqdır.
Mumbay şəhərindən olan şirkətlərin ölkəmiz və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı və Qəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub.
Bakıda xidmət göstərən hotellər və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıqla başa vurulması planlaşdırılan səfər iyunun 6-dək davam edəcək.
Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.