Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyərin dinamikasında davamlı artım müşahidə olunub və bu göstərici 2019-cu ildə 6,4 faiz təşkil edib.
AZƏRTAC “İllik turizm statistikası 2019”a istinadla xəbər verir ki, ötən ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əlavə dəyər istehsalı 1,97 milyard manat olub. Turizm sektorunun bir hissəsi olan bu sahənin iqtisadiyyatda xüsusi çəkisi 2,4 faizdir.
2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 59,3 milyon manat investisiya qoyulub. Ölkə üzrə əsas kapitala yönəldilən ümumi vəsaitin 0,3 faizi bu sahənin payına düşüb. Bu sahədə investisiya qoyuluşu bütövlükdə daxili mənbələr hesabına formalaşıb. 2015-2018-ci illər ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 914,7 milyon manat investisiya yatırılıb. Qoyulan investisiyanın 65,8 faizi və ya 602,2 milyon manatı yerləşdirmə obyektlərində xidmətlərin göstərilib. 34,2 faizi və ya 312,5 milyon manatı isə ictimai iaşə xidmətlərinin göstərilməsi sahələrinə yönəldilib.
2018-ci illə müqayisədə 2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində məşğul olan əhalinin sayı 3 faiz artaraq 80,5 min nəfərə çatıb. Bu göstərici ölkədəki cəmi məşğulluğun 1,6 faizini təşkil edir. Onlardan 27,6 min nəfər əmək müqaviləsi ilə çalışanlardır ki, bu da cəmi muzdla işləyənlərin 1,7 faizini təşkil edir. Azərbaycanda turizm xidmətləri üzrə saldo 331,7 milyon ABŞ dollarına bərabər olub.