Ev Turizm Xəbərləri Ötən il Azərbaycanı 3,17 milyon əcnəbi ziyarət edib

Ötən il Azərbaycanı 3,17 milyon əcnəbi ziyarət edib

turizm

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2019-cu ildə ölkəmizə 3,17 milyon əcnəbi vətəndaş gəlib ki, bu da əvvəlki ilə müqayisədə təxminən 11,3 faiz artım deməkdir. Gəlmə sayının üstünlük təşkil etdiyi ölkələr Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı olub. Bu ölkələrdən gələnlərin sayı bütün gələnlərin 74 faizini təşkil edib.

Azərbaycana gələn xarici vətəndaşların təxminən 90 faizi (2,86 milyon nəfər) ölkəni turizm məqsədilə ziyarət edib. Onların 41 faizi istirahət, 30 faizi işgüzar məqsədlə gəlib. 25 faizi isə dost və qohumlarını ziyarət etmək üçün ölkəmizə səyahət edib. 2019-cu ildə elektron vizadan istifadə edərək Azərbaycana gələn səyahətçilərin sayı ümumi gələnlərin təxminən 29 faizini təşkil edib (930 min nəfər). Bu göstərici 2018-ci ildə elektron viza istifadəçiləri ilə müqayisədə 36.7 faiz artım deməkdir. Elektron viza istifadəçilərin təxminən 82 faizini istirahət məqsədilə gələnlər təşkil edib. Elektron viza istifadəçiləri arasında ən yüksək faiz göstəriciləri İran (17 faiz), Səudiyyə Ərəbistanı (12 faiz), Hindistan (8 faiz), Böyük Britaniya (7 faiz) və Türkiyə (7 faiz) vətəndaşlarında olub.

2019-cu ildə əcnəbi ziyarətçilər tərəfindən çəkilən turizm xərcləri nəqliyyat (35 faiz), yerləşmə (27 faiz), qida (21 faiz) və digər xərclər (17 faiz) üzrə 2,97 milyard manata çatıb. Turist xərcləmələrinin ən böyük hissəsini Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Gürcüstan tutur. Bu, ümumi turizm xərcləmələrinin 55 faizini təşkil edir. Turistin xərc miqdarına görə Yaponiya və ABŞ turistləri liderdir. Hər iki ölkədə bu göstərici 2800 manatdan çox olub. Bu ölkələrdən sonra, Küveyt (2720 AZN), BƏƏ (2640 AZN), Qətər (2600 AZN), Səudiyyə Ərəbistanı (2580 AZN) və Bəhreyn (2570 AZN) kimi ərəb ölkələri bir turist tərəfindən edilən ən çox xərcləmələr sırasına daxil olub.