PAYLAŞ
Turizm

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Bakıdakı “My Travel” turizm şirkəti ilə birgə Azərbaycanın turizm imkanları, yeni turizm marşrutları və turpaketlərin təqdimatını keçirib.

Tədbirdə Daşkənddəki turizm şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Turizm

Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycanın turizm imkanlarına dair fotosərgi keçirilib. Habelə mərkəzin “Bacarıqlı əllər” uşaq klubunun istedadlarının milli mədəniyyətimizə dair hazırladıqları əl işləri, suvenirlərlə sərgilənib.

“My Travel” turizm şirkəti Naftalan müalicəvi sanatoriyaları, habelə Quba rayonunun turizm imkanlarını özündə əks etdirən xüsusi nəşrləri təqdim edib.

Təqdimatın məqsədi Azərbaycan və Özbəkistan turizm şirkətləri arasında əlaqələrin dərinləşdirilməsindən ibarətdir.

Turizm

AMM-nin direktoru Samir Abbasov Azərbaycanın turizm imkanları, ölkəmizdə bu istiqamətdə son illər əldə olunan nailiyyətlər barədə məlumat verib. O, Prezident İlham Əliyevin sərəncamları ilə ölkəyə turistlərin gəliş-gediş prosedurunun sadələşdirildiyini, “Asan viza” sisteminin tətbiq edildiyini, nəhəng infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Samir Abbasov Özbəkistan ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı, bu istiqamətdə həyata keçirilən layihələr barədə də məlumat verib.

Azərbaycanın “My Travel” turizm şirkətinin rəhbəri Elnarə Cabbarova ölkəmizin dünya şöhrətli Naftalan şəhərində yaradılmış müalicəvi turizm imkanlarına dair hazırladığı təqdimatı nümayiş etdirib. O, Naftalandakı bir sıra otellərdə yaradılan şərait, tibb turizmi istiqamətində həyata keçirilən işlərdən danışıb. Özbək turistlərinin Azərbaycanın müalicəvi turizm mərkəzlərindən istifadə etməsi imkanları barədə söhbət açıb.

Təqdimat mərasimində ilk dəfə olaraq Özbəkistan turistləri üçün maraq yaradacaq Azərbaycanın Quba rayonunun turizm imkanları nümayiş etdirilib. Yeni marşrut iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Özbəkistanın turizm şirkətlərinin nümayəndələrinin sualları cavablandırılıb, gələcək əməkdaşlığa dair məsələlər müzakirə edilib.