PAYLAŞ
Namirə Səlim

Uzun müddətdir NASA-da təlim keçən və kosmosa uçacaq ilk pakistanlı olacaq xanım Namirə Səlim bildirib ki, kosmos diplomatiyası dünyaya sülh gətirəcək. AZƏRTAC DawnNews telekanalının saytına istinadla xəbər verir ki, pakistanlı astronavt bunun səbəbini belə izah edib: “Mən dünya vətəndaşıyam, eyni zamanda özümü ulduzlarda yaşayan insan kimi hiss edirəm. Kosmosda müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar Yer kürəsinə baxaraq anlayırlar ki, planetimiz hamının ortaq vətənidir və onun üzərində sülh və əmin-amanlıq şəraitində yaşamaq mümkündür. Oradan baxanda görürsən ki, bütün sərhədlər götürülüb”.

Kosmosa uçacaq ilk pakistanlı olacağını qeyd edən Namirə Səlim qeyd edib ki, tezliklə kosmik turizmin də başlanacağı yeni dövrdə insanlar sülhün və planetimizin qorunmasının zəruriliyini daha yaxşı anlayacaq. NASA-da təlimdən əvvəl Şimal və Cənub qütblərində ekspedisiyalarda da iştirak etmiş astronavt xanım Everest dağının zirvəsinə də qalxıb. “İndi növbədə ulduzlardır. Uşaqlıq illərində həmişə onlara toxunmaq, Aya uçmaq istəmişəm” deyib. Namirə, britaniyalı maqnat Riçard Brensonun ilk kommersiya kosmik layneri – “Virgin Galactic”də kosmosa uçacağı günü gözləyir. O əlavə edib: “yaşadığımız dünyada siyasətçilər, cinayətkarlıq və sosial media insanların həyat ritmini pozub və dünyanı fəlakətli bir yerə çevirib. Düşünürəm ki, gələcəkdə insanların kütləvi şəkildə kosmosa səyahət etməsi daha xoşbəxt bir həyatın əsasını qoya bilər. Bizim övladlarımız daha rahat və əmin-aman dünyada yaşaya bilərlər”. Namirə ümid edir ki, onun nəvələri kosmosda konsertlərin, cərrahiyyə əməliyyatlarının, konfransların keçirilməsini görə biləcəklər.


Namirə Səlim “Space Trust” qeyri-hökumət təşkilatının üzvü olan və 2011-ci ildə Pakistan hökumətinin “Tamğa-e-İmtiaz” mükafatına layiq görülüb. NASA-da təlim keçdiyi vaxt “”Məni Aya qədər izlə” mahnısını da bəstələyib.