Ev Turizm Xəbərləri “Pandemiya dövründə Azərbaycanın turizm sənayesi” mövzusunda vebinar keçirilib

“Pandemiya dövründə Azərbaycanın turizm sənayesi” mövzusunda vebinar keçirilib

turizm

İyulun 8-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə “Pandemiya dövründə Azərbaycanın turizm sənayesi” mövzusunda vebinar keçirilib. Keçirilmiş vebinarda Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid çıxış edib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, “Çağırışlar və Azərbaycan turizminin gələcək perspektivləri” mövzusunda çıxış edən F.Zenqstşmid Azərbaycanın turizm sənayesinin pandemiya dövründə vəziyyəti, ölkədə turizmin 4 mərhələli bərpa planı, sənaye nümayəndələrinə verilən dəstək mexanizmləri, mövcud çarter reysləri və sərnişin daşımaları ilə bağlı tətbiq olunan qaydalar, həmçinin “SAHMAN” proqramı və “Macəra Yaxındadır” daxili turizm kampaniyası kimi təşəbbüslər barəsində məlumat verib.

Vebinarda, həmçinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tovias Bauman, idarə heyətinin sədri Fərid İsayev, “Hyatt Regency Baku” hotelinin baş meneceri Uolter Qaq və “Deutsche Lufthansa AG” şirkətinin satış üzrə baş meneceri Rene Koinzak iştirak edərək, sualları cavablandırıblar.

Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniyanın iqtisadi sahədə Azərbaycandakı rəsmi nümayəndəliyi kimi 2012-ci ildən fəaliyyət göstərir. Müasir konsaltinq şirkəti rolunu oynayan təşkilat 140-dan artıq üzvünə bazar və biznes araşdırmaları ilə bağlı məlumat verərək dəstək göstərir.