Ev Ölkələr Fransa Parisin xəzinəsi – Luvr muzeyi

Parisin xəzinəsi – Luvr muzeyi

KƏNARDAN BAXANDA KİÇİK ŞÜŞƏLİ PİRAMİDA, İÇİNDƏ İSƏ TAM BİR XƏZİNƏ OLAN LUVR MUZEYİ paris

Bu dəfə sənə hər hansı ölkə və ya şəhərdən yazmayacam. Muzeydi mövzumuz. Dünyanın ən məşhur muzeylərindən biri olan – Luvr haqqında oxu.

Parisin xəzinəsi – Luvr muzeyi

Adətən muzey deyəndə, ağlına biletini alıb bir neçə saata hər yerini gəzib bitirə biləcəyin yer gəlir. Ancaq bu muzey fərqlidir. Nəinki bir neçə saat, heç bir gün də sənə muzeyin hər tərəfini gəzib bitirməyə yetməz. Söhbət dünyanın ən məşhur və böyüklüyünə görə üçüncü ən böyük muzeyi olan Luvrdan gedir.

Parisə gedən heç bir turist bu muzeyə baxmadan ölkəsinə qayıtmır desəm yalan olmaz. Təbii vaxtın çoxdursa, yoxsa 1-2 saatla olan iş deyil. Muzey Parisin mərkəzində, Sena çayının sahilində yerləşir. Bura fransızlar Musée du Louvre deyirlər. Daha çox rəsm muzeyi kimi tanınır. Muzeydə 58 470 ekspozisiya saxlanır.

Bilet 12 avrodur. Qarşısında daim növbədir (təxminən 100-200 nəfərlik). Elə ki növbən çatdı və şüşəli piramidadan içəri keçdin bu dəfə də bilet növbəsinə dayanmalı olursan. Bu növbədə də az insan olmur. Azı 70-80 nəfər. İnsanları əziyyətə salmamaq üçün növbəni iki yerə bölüblər. Bileti nağd pulla almaq istəyənlərin və elektron satın almaq istəyənlərin kassası ayrıdır. Nağd pulla almaq istəyənlərin növbəsi daha uzundur. Getmək istəsən bunu nəzərə alaraq, bank kartını yanında götür. Yoxsa 1 saata qədər gözləməli olacaqsan.

Biletini almısansa, bu dəfə də birinci hansı hissəni gəzmək istədiyinə qərar verməlisən. Yaxşı olar ki, vaxt itirməmək üçün sən buna muzeyə gəlməzdən öncə qərar verəsən. Biz Sally adlanan bölümdən başlamağa qərar verdik. Məşhur Mona Liza portretinin də olduğu bu bölüm yadımda daha çox rəsm əsərləri ilə qaldı. Ümumiyyətlə, bu muzeydə hər şeyə rast gəlmək mümkündür. Buna görə çoxları buranı universal muzey də adlandırır. Böyük coğrafi və tarixi nümunələr – Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinə qədər hər şey var.

Eksponatlar yetərincə çoxdur. Onlardan ən məşhurları Hamurappinin qanunlarının siyahısı, Milisli Venera, Nika Samofraki, Cakonda (Mona Liza) da daxil olmaqla Leonardo da Vinçinin digər maraqlı rəsmləri, Rembrant, Tisianın rəsm əsərləri və s. Bu əsərlərə yaxınlaşdığını uzaqdan hiss edirsən. Çünki qarşılarında gün boyu 100-200 nəfər növbədə durur.

Misir ehyamlarından tutmuş mumiyaya, İslam tarixindən tutmuş türk xalçalarına qədər hər şey var. Muzey o qədər böyükdür ki, bəzən bölümləri səhv sala bilirsən. Bu zaman da köməyinə muzey bələdçiləri çatır. Bizim muzeylərdən fərqli olaraq onlar heç nəyi izah etmirlər. Çünki hər şey eksponatların üzərində yazılıb.

Luvrun əsas hissəsi yerin altındakı qaladır. Böyük Luvr qalası. 1190-cı ildə kral Filipp Avqust tərəfindən inşa edilib.

1528-ci ildə I Fransiskonun əmri ilə uçurulub, yerində 1546- cı ildən etibarən yeni və möhtəşəm bir qala tikilib.
Muzeyin qapıları ilk dəfə 8 noyabr 1793-cü ildə adi vətəndaşlar və ümumi xalq üçün açıq elan edilib. Bu hadisə Fransada İnqilab baş verən dövrü əhatə edir. 1989-cu ildə sarayın mərkəzinə şüşədən hazırlanmış piramida qoyulub, bunu hazırlayan isə amerikan memarı Bey Yuymin olub.
Hər dəqiqə kassada bilet növbəsidir. Bəlkə də hər saat bura 300-500 nəfər insan gəlir. Hətta məhz Luvru görmək üçün Parisə gələn turistlər də var. Kənardan baxanda kiçik şüşəli piramida, içində isə tam bir xəzinə olan Luvr muzeyi…