PAYLAŞ
Polşa

Polşanın turizm portalında ölkəmizin turizm potensialı barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin geniş müsahibəsi dərc olunub.

Müsahibədə pandemiya dövründə Azərbaycanın turizmi, bundan sonra atılacaq addımlar və tədbirlər barədə məlumatlar verilib.

“Təhlükəsiz, açıq və qonaqpərvər ölkə” olaraq adlandırılan Azərbaycanda turizm mövsümünün nə vaxt açılacağının zamanı tam bəlli olmasa da, ölkə buna hazır olacaq. Bunu Florian Zenqstşmid deyib. O bildirib ki, ölkəmiz buna tam hazırdır və istənilən turistin arzularını gerçəkləşdirməyə zəmanət verir. Lakin hazırda Azərbaycanda əsas prioritet insanların sağlamlığıdır: “Hamımız sərhədlərin açılmasını gözləyirik. Ümid edirəm ki, bu yay xaricdən, o cümlədən Polşadan Azərbaycana qonaq qəbul edə biləcəyik. Azərbaycan Turizm Bürosu turizmin dörd mərhələ üzrə bərpası planını hazırlayıb. Biz bu passiv dövrü onlayn platformalar vasitəsilə ən yaxşı təcrübələrimizi ortaqlarımızla bölüşmək və turistlər üçün vacib olan məzmun yaratmaq üçün istifadə edirik”, – deyə icraçı direktor əlavə edib.

Müsahibədə həmçinin Azərbaycanın dünyəvi ölkə olması, hər cür turistin burada azad şəkildə ənənələri pozmadan dincəlməsi üçün şəraitin olmasından danışılır. Ölkənin milli mətbəxi, dəyərləri, qadın azadlığı, habelə viza qaydaları və sairə barədə də geniş məlumat çatdırılıb.