PAYLAŞ
TURİZM

Omanda nüfuzlu “World Travel Awards” müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, turizm üzrə “Oskar” sayılan bu müsabiqədə Portuqaliya dünyada ən yaxşı turizm istiqaməti hesab edilib.

Dalbadal üçüncü ildir ki, Lissabon istirahət üçün ən yaxşı şəhər sayılıb. Madeyra isə artıq beşinci dəfə dünyada ən yaxşı ada hesab edilib.

Portuqaliyanın Milli Turizm Agentliyinin prezidenti Luis Araujonun sözlərinə görə, onun ölkəsinin turizm “Oskar”ı alması faktı Portuqaliyada həyata keçirilən “Turizm-2027” strategiyasının uğurlu olmasının təsdiqidir. Bu strategiya Portuqaliya brendinin təbliğini, turizm sektoruna investisiyalar cəlb olunmasını və bu sahə üçün işçilər hazırlanmasına nəzarəti təmin edir.

Portuqaliyanın paytaxtı “Ən yaxşı şəhər” nominasiyasında dalbadal üçüncü dəfə qalib gəlib. Bu, o deməkdir ki, Lissabon qısamüddətli səfərlər üçün ideal seçimdir.

Bu mükafat onlayn sorğu nəticəsində təqdim edilir. Sorğuda geniş ictimaiyyətlə yanaşı, bütün dünyada turizm və səyahətlər sahəsində minlərlə peşəkar iştirak edib.

Qeyd etmək lazımdır ki, Portuqaliyada turistlərin sayı dalbadal 8-ci ildir ki, artır. Portuqaliya Turizm Nazirliyinin hesablamalarına görə, bu il turizm hesabına əldə edilən gəlir 27 milyon avroya bərabər olacaq.