PAYLAŞ
koronavirus

Koronavirus təhlükəsi olmayan ölkə tapmaq getdikcə çətinləşir

Koronavirusun dünyada sürətli yayılması davam edir. Artıq 115 ölkədə bu virusa yoluxanların rəsmi açıqlanan sayı 114 min 458 nəfərdən yuxarıdır. Virusun səbəb olduğu ağırlaşmalardan dünyada 4050 nəfər həyatını itirib.

Dünyanın artıq ciddi təhlükə ilə üzləşdiyini hər kəs etiraf etməkdədir: dövlətlər və beynəlxalq təşkilatlar da. Nəinki etiraf, artıq bütün dövlətlər virusa qarşı mübarizə, onun yaratdığı problemlərin aradan qaldırılması, yaranan itkilərin azaldılması istiqamətində sərt addımlar atmağa məcbur olurlar.

Heç şübhəsiz, koronavirusun ən böyük zərəri turizm biznesinədir. Ümumdünya Turizm Təşkilatının ilkin hesablamalarına görə, virusla mübarizə məqsədilə atılan məhdudlaşdırıcı addımların qlobal turizmə birbaşa zərəri 100 milyard dolların üzərində olacaq. Dolayısı təsirləri ilə birlikdə dünya turizm biznesinin 150 milyard dollara yaxın itkiyə məruz qalacağı gözlənilir.

Virusun Çin sərhədlərindən digər Asiya, daha sonra Avropa, Afrika və Amerika ölkələrinə yayılması bu ilin turizm mövsümünün sektor üçün 2008-ci ildən bəri ən ağır itkilərlə müşayiət olunmasına səbəb ola bilər. Belə ki, dünya turizm məkanları ötən il sayı 150 milyon nəfərə çatan çinli turistlərdən artıq əlini üzüb. Hətta yaxın 1-2 ay ərzində Çin virusun yayılmasının qarşısını bütünlüklə almağa nail olsa belə, hansısa ölkənin çinli turistləri qəbul etməyə cəsarət edəcəyi ciddi sual altındadır. Nəzərə alsaq ki, ötən il çinli turistlər xaricə səfərləri zamanı 249 milyard avro xərcləyiblər, onda dünya turizminin yalnız Çindən turist axınının dayanması üzündən nə qədər itirəcəyini təsəvvür etmək çətin olmaz.

İllik 30 milyon nəfərdən çox qonaq qəbul edən, qlobal turizmdə xüsusi yeri olan İtaliyada virusun sürətli yayılması hökumətin ən sərt addımlar atmasına səbəb olub. Faktiki olaraq, İtaliya tam bir fövqəladə vəziyyət rejimində yaşayır, sərhədlər bağlanıb, ölkəyə gediş-gəliş demək olar ki, tam dayanıb.

İtaliyadan əlavə, Avropanın turizm mərkəzləri sayılan Fransa, Almaniya, İsveçrə, İsveç, Norveç, Belçika, İspaniya, Böyük Britaniya və digər ölkələrdə də epidemiyanın əhatə dairəsi genişlənir, yoluxma və ölüm sayı sürətlə artır. Eyni zamanda turistlərin ən çox üz tutduğu ABŞ-da vəziyyət kifayət qədər mürəkkəbdir.

Beləliklə, hazırda pulu olub, gözəl bir yerdə istirahət etmək istəyən şəxslər üçün seçim imkanları qat-qat məhdudlaşıb. Avropanın qeyd olunan ölkələrindən əlavə, Asiya ölkələrindən Çin, Cənubi Koreya, Sinqapur, Yaponiya tam təhlükə mənbəyidir. Hindistan və Banqladeşdə yoluxma az olsa da, bu ölkələrdə səhiyyə sisteminin zəif inkişafı turistləri qorxudan əsas amillərdəndir. Bu baxımdan, getmək üçün ölkə axtaran şəxslər ya yoluxma halı ümumiyyətlə, qeydə alınmayan, ya da az sayda olan, yaxud səhiyyəsi güclü inkişaf etmiş əraziləri seçməlidilər.

Hazırda azsayda yoluxma və tam sağalma qeydə alınan populyar turizm ölkələri sırasında Şri-lanka (2 yoluxma, 1-i artıq sağalıb), Kipr (2 yoluxma və sağalma), Türkiyə (cəmi 1 yoluxma), Malta (5 yoluxma), Maldiv adaları (6 yoluxma), Vyetnam (virusdan bir ölüm belə qeydə alınmayıb) qeyd olunur.

Koronavirusun istiyə dözümsüz olduğunu nəzərə alsaq, yay aylarında artıq Cənubi Avropanın turistik məkanlarına da baş çəkməyin mümkün olacağını söyləyə bilərik.

Hazrıda isə daha çox isti olan ölkələrə üz tutmaq məsləhətdir: çimərlik mövsümü olan ərazilərə. Belə ərazilər isə Tailand, Şri-Lanka, Kamboca, Maldiv və Nepaldır.

Cənubi Amerika ölkələrindən isə virusun çatmadığı Kuba və Meksikaya səyahət təhlükəsizdir.

Yaxın Şərqdə gediləsi ölkələr sırasında cəmi bir yoluxmanın qeydə alındığı Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (Dubay əmirliyi xüsusilə) məsləhət görülür.

Qeyd edək ki, bir sıra ölkələr öz vətəndaşları üçün gedilməsi məsləhət görülməyən ölkələrin siyahısını açıqlayıblar. Məsələn, Rusiyanın İstehlak Bazarına Nəzarət Xidməti ölkə vətəndaşlarını 11 ölkəyə səyahətdən çəkinməyə çağırıb.

“The Sun” nəşri bugünlərdə Böyük Britaniya vətəndaşları üçün koronavirusun olmadığı, yaxud az yayıldığı ölkələrin siyahısını hazırlayıb. Siyahıda Avropa ölkələrindən yalnız Çernoqoriya yer alıb. Eyni zamanda Yunanıstanın Krit, Santorini, Mikonos adaları da təhlükəsiz istirahət məkanlarındandır. Belə ki, virus İtaliyadan gedənlər vasitəsilə Yunanıstana çatsa da, bu adalarda heç bir yoluxma faktı yoxdur.

Nəşr qismən Avropa ölkəsi olan Türkiyəni də gediləsi ölkələr sırasına daxil edib.

Britaniyalılara həmçinin Kanar, Kabo-Verde adaları, İndoneziyanın məşhur Bali kurortu, Laos, Myanma, Vyetnam, Yamayka Barbadosa getməyin də təhlükəsiz olduğu bildirilir.

Qeyd edək ki, koronavirusun turizmə təsirləri yalnız insanların virusdan qorxaraq səyahətlərdən çəkinmələri baxımından deyil, ayrı-ayrı ölkələrin, həmçinin qlobal iqtisadiyyata vurduğu zərərlə bağlı da yaranır. Belə ki, virusun qapatdığı ticarət-iqtisadi əlaqələr müxəlif ölkələrdə kiçik və orta sahibkarlığı – potensial turist təbəqəsini ciddi itkilərə məruz qoyur.

BMT Ticarət və İnkişaf Konfransı (UNCTAD) ekspertlərinin hesablamalarına görə, dünya iqtisadiyyatı artıq koronavirus səbəbilə 50 milyard dollar itirib. Bu, əsasən Çində istehsal və ixracatın azalması ilə bağlıdır. Belə ki, ilin əvvəlindən Çinin istehsal və ixracatı 2 faiz azalıb. Bu şəraitdə Çinin ticarət partnyorları öz zərərlərini açıqlayırlar. Məsələn, ABŞ 5,8 milyard dollar, Yaponiya 5,2 milyard dollar, Cənubi Koreya 3,8 milyard dollar, Avropa Birliyi ölkələri isə 15,6 milyard dollar itiriblər.

Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın fikrincə, Avropa Birliyi ölkələri ən qısa müddətdə koronavirusun yayılmasına qarşı təcili və təsirli addımlar atmasalar, Avropa 2008-ci ilin maliyyə böhranına bərabər iqtisadi şok yaşayacaq. Bu isə Birlik ölkələrindən xaricə gedən turistlərin sayında kəskin azalma ilə nəticələnə bilər.