Ev Turizm Xəbərləri Qəbələ Yeni ilə çağırır: məkanlar, əyləncə və qiymətlər

Qəbələ Yeni ilə çağırır: məkanlar, əyləncə və qiymətlər

`

Qəbələ

Ən təzadlı əyləncələri Qəbələdə tapmaq mümkündür – istər dağ başına çıx, istər klubda güllə at, istər oteldə müğənniləri dinlə, istər də xudmani villaya çəkilib kənd həyatının dadını çıxar.

Yeni ilə sayılı günlər qala respublikanın bir çox dilbər guşələrində olduğu kimi Qəbələdə də, xüsusilə burada fəaliyyət göstərən otellərdə və turizm mərkəzlərində canlanma müşahidə olunur.

Sputnik Azərbaycan Qəbələdə Yeni il bayramını harada və necə keçirmək imkanlarını araşdırıb.

Azərbaycanın turizm cənnəti sayılan Qəbələ rayonunda ümumilikdə 25-dən artıq otelin olması həm burada turizmin inkişafına təkan verir, həm də respublikaya gələn əksər turistlərin Qəbələyə səfərinə imkan yaradır. Bir çox otellər şərait və xidmət baxımından heç də dünyanın adlı-sanlı mehmanxanalarından geri qalmır.

Yeni il bayramı ilə bağlı qonaq cəlb eləməkdə irili-xırdalı otellər bir-birilə bəhsə girib: yəni bayram ərəfəsində buralara gələnləri müxtəlif tanınmış müğənnilərin çıxışları, əyləncə proqramları feyziyab edəcək. Təbii ki, bayramın atributları Şaxta baba və Qar qız da olacaq. Bir qaçılmaz əmma var ki, otellərdə səhnə alacaq müğənnilərin sayı, eləcə də proqramın zənginliyi bir gecə üçün ödəniləcək məbləğdən asılıdır.

`Məsələn, rayonun kəndlərində olan kiçik otellərdə adam başına orta hesabla 35 AZN-dən başlayan qiymətlərlə 31 dekabrı əyləncəli proqramla qeyd eləmək mümkündür. Ancaq maraqlı burasıdır ki, insanlar daha çox adam başına 100 AZN civarında olan tədbirlərə üstünlük verirlər.

`Rayonda fəaliyyət göstərən otellərlə əlaqə saxladıqda məlum oldu ki, əksəriyyətinin 70%-i dolub. Ancaq bu faizin hava şəraitindən asılı olaraq dəyişəcəyi güman edilir. Əslində, qiymətləndirmələrə görə, Yeni il ərəfəsi üçün bu göstərici keçərlidir. Bütün otel və restoranlarda doluluq, demək olar ki, eyni səviyyədədir.

`Ucuz ətin şorbasını bəyənməyənlər üçün Qəbələdə bir gün beşulduzlu oteldə Yeni il şənliyində iştirak eləmək, eləcə də iki nəfər üçün standart otaqda gecələmək orta hesabla 670 AZN-dən başlayır. “Ərəb şeyxlərindən nəyimiz əskikdir” fikirləşənlər qış gecəsi bir az möhkəm “tərləməli” olacaqlar: ən mənzərəli oteldə qalmaq, hər xidmətdən limitsiz istifadə etmək üstəgəl bayram əyləncəsi üçün gərək 5000 manatından keçəsən.

`Otellərlə yanaşı, rayonda fəaliyyət göstərən əyləncə, istirahət, mədəniyyət mərkəzləri, muzeylər və digər xidmət məkanları da bayramla əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyəcək.

`Qəbələnin əyləncə mərkəzləri və müxtəlif attraksionlarında, restoran və xırda kafelərdə gözəl vaxt keçirmək mümkündür. Attraksionlarda qiymətlər 2 manatdan 35 manata kimi dəyişir. Bundan başqa, boulinq zalı, mini kinoteatr, üzgüçülük zalı, eləcə də qapalı hovuzlar tətilə gələn qonaqlar üçün əvəzedilməzdir.

`Qəbələ Mədəniyyət Mərkəzi bayram günlərində ruhun qidası sorağında olanlar, həm yerli sakinlər, həm də qonaqlar üçün gözəl proqramlar hazırlayıb. Proqramlara Yeni il şənliyi, uşaqlar üçün nağıllardan səhnəciklər, böyüklər üçün isə teatr tamaşası daxildir.

`Ekstrim sevənlər üçün də Qəbələnin təklifləri var. Tam fərqli istirahət etməyi xoşlayanlar Qəbələ Atıcılıq Klubuna üz tuta bilərlər. Burada stend atıcılığı, tir atıcılığı, oxatma, lazerli atış, snayperdən, eləcə də digər silahlardan atış vərdişlərini nümayiş etdirmək olar. Klubda əsasən qrup şəklində əyləncəli yarışlar təşkil olunur, mərkəzə gələn qonaqların istəyi çərçivəsində öz aralarında yarışlar keçirilərək qaliblər müəyyən edilir. Qiymətlərə gəldikdə isə onların hər cibə uyğun olduğunu demək olar: minimum 5 manatdan başlayır.

`Səs-küydən uzaq idilliya aşiqləri də Qəbələdə öz zövqlərini təmin edə bilərlər. Sakit, mənzərəli guşədə tikilmiş kənd evləri və ya hər şəraiti olan villalarda qonaqlar əsl kənd həyatı yaşaya, qışın gözəlliyindən zövq ala bilərlər. Kənd evlərinin qiyməti bir günə 50 AZN-dən başlayır. Burada qiymətlər əsasən evlərdəki komforta və müştərinin gündəlik tələb etdiyi xidmətə görə dəyişir.

`Bir sözlə, əsl Yeni il ab-havasını yaşamaq istəyənləri Qəbələ peşman etməyəcək.