Qəbələdə turizmin inkişafına dair mətbuat konfransı keçirilib. Konfransda iştirak edən Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun Böyük Məsləhətçisi Könül Nuriyeva, “Gabala Hotel Group”un Baş İcraçı Direktoru Şəbnəm Fərman və “Gabala Hotel Group”un Biznesin İnkişafı Departamentinin Direktoru Elvin Rəhimov jurnalistlərin suallarını cavablandırıb.
İlkin olaraq Dövlət Turizm Agentliyinin əməkdaşı Könül Nuriyeva Qəbələnin 2020-ci il İslam Turizm Paytaxtı seçilməsi münasibətilə Dövlət Turizm Agentliyi tərəfindən 2020-ci ili əhatə edən tədbirlər planının artıq hazır olduğunu, tezliklə mətbuata geniş məlumat veriləcəyi bildirib.
Tədbirlər planı çərçivəsində Qəbələyə həm texniki, həm də təşkilati dəstəyin göstərilməsi, o cümlədən regiondakı turistlərlə əlaqəli iş yerlərində, bilavasitə otellərdə, informasiya mərkəzlərində, restoranlarda və digər xidmət sahələrində çalışan əməkdaşlara təlimlərin keçirilməsi nəzərdə tutulub.
Könül Nuriyeva bildirib ki, 2019-cu ildə Qəbələyə 250 mindən çox turist gəlib. Dövlət Turizm Agentliyinin və həmçinin “Gabala Hotel Group”un məqsədi bu sayı daha da artırmaqdır.
Daha sonra “Gabala Hotel Group”un Biznesin İnkişafı Departamentinin Direktoru Elvin Rəhimov çıxış edib. Bildirib ki, beynəlxalq sərgilərdə iştirakın və təbliğat-təşviqat kampaniyalarının nəticəsi olaraq artıq Qəbələyə ənənəvi olmayan Hindistan, Çin, Malaziya kimi ölkələrdən də turist axını başlayıb.
2020-ci il üçün hədəf həm bu ölkələrdən, həm də Avropa ölkələrindən gələn turist sayında artıma nail olmaqdır. Bununla bağlı qış mövsümün açılışı ilə birlikdə həm otellərdə, həm də Tufandağ Qış Yay Turizm İstirahət Kompleksində qiymətlərə endirimlər tətbiq olunub.
Yay mövsümündə olan turist axınını qış mövsümü üçün də intensivləşdirmək, həmçinin xizək mədəniyyətini inkişaf etdirib. Yerli və xarici turistlərdə daimi maraq yaratmaq məqsədilə keçən illə müqaisədə qrupdaxili bütün xidmətlərə minimum 20% endirim tətbiq olunub.
Onun sözlərinə görə, Qəbələ qış mövsümündə yalnız xizək sürənlər üçün deyil. Bütün turistlər üçün cəlbedici edən etnoqrafik, tarixi, həm də infrastruktur baxımından zəngin turizm potensialına malikdir.
Konfrans zamanı Elvin Rəhimov jurnalistlərə Qəbələnd istirahət parkı, Qəbələ Atıcılıq Klubu, Qəbələ Dövlət Tarix Bədii Qoruğu, turistlər üçün müxtəlif turlar təşkil edən Savalan Şərab Zavodu, həm yerli, həm xarici turistlərin maraqlı zaman keçirdikləri Yeddi Gözəl Şəlaləsi, Nohur Göl və tarixi, etnoqrafik əhəmiyyəti olan Nic qəsəbəsiylə bağlı da məlumatlar verib.
Daha sonra “Gabala Hotel Group”un Baş İcraçı Direktoru Şəbnəm Fərman jurnalistlərin 2020-ci il üçün qrupun planlarıyla bağlı suallarını cavablandırıb. O bildirib ki, qrup 1 oktyabr 2019-cu ildən fəaliyyətə başlanılıb. Qrupun tərkibinə Qafqaz otellər şəbəkəsinə aid altı otel və Tufandağ Qış Yay Turizm İstirahət Kompleksi daxildir.
Otellərdən üçü premium olan “Qafqaz Riverside”, “Qafqaz Tufandağ Mountain Resort” və “Qafqaz Resort” otelləri, həmçinin beş ulduz otel olan “Qafqaz Sport” otel və iki dörd ulduz otel “Qafqaz Karvansaray” və “Qafqaz Thermal and SPA” otelləridir.
Şəbnəm Fərman vurğulayıb ki, “Gabala Hotel Group”un 2020-ci il üçün olan strategiyasınının əsası Qəbələ otellərini və Tufandağ Qış Yay Turizm İstirahət Kompleksini yerli və xarici turistlər üçün dörd fəsil cəlbedici etməkdir. Bu hədəfə nail olmaq məqsədilə qrup Qəbələ regionunun ümumi inkişafı və təbliğatı yönümlü işlərdə yerli idarəetmə orqanları fəaliyyət göstərir. Həmçinin Dövlət Turzim Agentliyi ilə sıx əməkdaşlıq edir. 2020-ci il üçün birgə tədbirlər planı həyata keçirir.
Bundan əlavə yeni turizm məhsulları və xidmətləri yaradılacaq. Eləcə də mövcud xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması qrupun strategiyasının əsas istiqamətlərindəndir.
Şəbnəm Fərman əlavə edib ki, Qəbələdə 2020-ci ildə turizmin bir çox istiqaməti üzrə proyektlərin yekunlaşdırılması nəzərdə tutulub. Bunlara tarixi və etnik turizmin inkişafı istiqamətində tarixi Nic kilsələrindən daha birinin restovrasiya işlərinin yekunlaşdırılması, eko-turizmə dəstək verəcək. Planların tərkib hissəsindən biri olan kəndlərə yol və körpü tikintilərinin tamamlanması nəzərdə tutulub.
Turizmin inkişafına dəstək olaraq yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında Qəbələnin 2500 illik tarixinə, etnoqrafiyasına və folkloruna həsr olunan toplunun təqdimat mərasimi keçirilib. 2020-ci ildə toplunun rus və ingilis dillərinə tərcümə olunması nəzərdə tutulub. Bu da tarixi turizmin inkişafı üçün çox əhəmiyyətli resurs mənbəyi olaraq turizm sektorunda istifadə olunacaq. Həmçinin, yekunlaşmaqda olan Bakı-Qəbələ dəmir yolu xəttinin bu ilin yay movsümündə fəaliyyətə başlanacaq. Qəbələyə gələcək turist sayının artımına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Daha sonra jurnalistlər Tufandağ Qış Yay Turizm İstirahət Kompleksi ilə tanış olublar.