2019-cu ilin 9 ayında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 153 min 40 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 49 min 944 nəfəri və ya 32,6 faizi Azərbaycan, 103 min 96 nəfəri və ya 67,4 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, otel və mehmanxanalarda ən çox sıxlıq avqustda müşahidə olunub – 36 min 466 nəfər. İyunda turistlərin sayı 21 min 53, iyulda isə 35 min 453 nəfər olub.
Doqquz ayda Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Ötən müddətdə bu ölkənin 17 min 895 nəfər vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, cari ilin əvvəlindən bu qədim diyara Birləşmiş Ərəb Əmirliklərindən 13 min 734 nəfər, Küveytdən 5 min 604, Bəhreyndən 5 min 61, Qətərdən 4 min 588, Özbəkistandan 3 min 665, Omandan 3 min 487, Rusiyadan 2 min 746, İsraildən 2 min 738, Hindistandan 2 min 586, Çindən 1050, İraqdan isə 514 nəfər turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 39 min 428 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Cari ilin ötən dövründə Qəbələ rayonu ərazisində 15 otel və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 2258 yerdir. Doqquz ayda otel və mehmanxanalarda 20 min 258 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 91,5 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.
Ötən dövrdə turizm obyektlərində 1259 işçi çalışıb. Onlardan 243 nəfərini qadınlar, 82 nəfərini turizm və otelçilik üzrə təhsil alan mütəxəssislər, 36 nəfərini isə əcnəbi işçilər təşkil edib.