Tarixi, gözəl Bakı şəhəri İranın qonşularından olan, Xəzər dənizinn sahilində yerləşən Azərbaycanın paytaxtıdır.
Çoxsaylı istirahət mərkəzlərinə malik Bakı bir çox görməli, tarixi məkanları ilə tanınır. Xüsusilə son illər şəhərdə turizmin inkişafı göz qarşısındadır. Bütün müasir görməli yerlərilə yanaşı, o, qədim tarixə, böyük keçmişə malikdir. Qız qalası və Şirvanşahlar sarayı kimi tarixi abidələri buna misal göstərmək olar.
Bir sözlə, Bakı qədim, ənənəvi simasını qoruyub saxlayır. Köhnə Bakı və ya İçərişəhərə səyahət etməklə, sanki əsrlər öncəyə qayıdacaqsınız.
İçərişəhər – qədim Bakı
Tarixi İçərişəhər ərazisi əslində bir çox görməli yerlərilə minilliklərdən gələn kimliyini qoruyub saxlayır. Tarixi qala divarları ilə qorunan bu ərazi qədim Bakı şəhəridir. O, UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb.
Bu şəhər orta əsrlərdə Şirvanşahlar dövlətinin paytaxtı olub. Burada Şirvanşahlar hakimiyyətinin izləri bu gün də qalmaqdadır. Qədim İçərişəhər bu gün paytaxtın mərkəzinə çevrilib. Qız qalası kimi tarixi abidə, ənənəvi xalçaçılıq sexləri, müxtəlif gözoxşayan məkanlar, həmçinin ənənəvi restoranlar buranın bəzəyidir.
Qız qalası
Min ildən çox tarixi olan Qız qalası kərpicdən tikilmiş silindrik formalı tikilidir. O da UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Maraqlıdır ki, qala XVIII əsrdə gözətçi qülləsinə çevrilənədək Zərdüşt məbədi olub. Qalanın daxilində spiralvari pilləkənlər 29 metr hündürlüyü olan qüllənin zirvəsinədək qalxır. Buradan İçərişəhərə gözoxşayan mənzərə açılır.
Şirvanşahlar sarayı
Şirvanşahlar sarayı 800 illik Şirvanşahlar dövlətinin qərargahı olmuş dəyərli tarixi abidədir. O da UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alan abidələrdəndir. Bu taxiri abidə əsas saraydan, məsciddən və s. ibarətdir. Onun içərisində bir məzar da var.
Bir sözlə, Şirvanşahlar sarayı ziyarət üçün olduqca maraqlı yerdir.
Milli Azərbaycan Tarix Muzeyi
300 minə yaxın dəyərli tarixi əsərin saxlandığı Milli Azərbaycan Tarix Muzeyi tarixçilərin və arxeoloqların diqqətini çəkən məkandır. Buranı hər gün çox sayda turist ziyarət edir. Muzeydə qədimdən müasir dövrədək tarixi əks etdirən etnoqrafik əsərlər nümayiş olunur.
Nizami küçəsi
Nizami küçəsi Bakının ən populyar, insanların gur olduğu küçələrindəndir. Oradakı çoxsaylı mağaza, kafe və restoran insanların əyləncəli, xoş bir axşam keçirməsinə şərait yaradır. Uzunluğu 3,5 kilometrə çatan küçə şair Nizami Gəncəvinin şərəfinə adlandırılıb. Burada barok, neoqotik və neoronesans üslubundakı binaların bənzərsiz memarlığı, eyni zamanda Stalin dövrünə aid üslub görənləri valeh edir.
“Kiçik Venesiya”
“Kiçik Venesiya” şəhərciyi Bakıda İtaliyanın Venesiya şəhərini xatırladan gözəl məkandır. O, Bakı bulvarında yerləşir. Bir neçə manat ödəməklə, burada kiçik qayıq icarə götürmək mümkündür. Qayıqla gəzinti ətrafın təbii mənzərəsindən zövq almağa imkan verəcək. 1960-cı illərdə yaradılmış bu şəhərcik turistlərin maraqlı gün keçirməsi üçün əla fürsətdir.
Təzəpir məscidi
Təzəpir məscidi unikal memarlığı, qızılı rəngli minarələrilə şəhərin göz oxşayan tarixi abidələrdən biridir. O, 1914-cü ildə tikilib. Lakin inşası tamamlandıqdan 3 il sonra 1917-ci ilin Oktyabr inqilabı baş verib. Nəticədə məscid Bakının bolşevik hakimiyyəti tərəfindən anbara çevrilib. Nəhayət, 1943-cü ildə o, məscid kimi fəaliyyət göstərməyə başlayıb.
İsmailiyyə Sarayı
İsmailiyyə Sarayı qotik üslubda inşa edilmiş möhtəşəm memarlıq əsəridir. Binanın inşası ilə bağlı acı rəvayət var. Rəvayətə görə, XX əsrin əvvəllərində Bakı milyonçusu və neft sənayesinin görkəmli şəxslərindən olmuş Ağa Musa Nağıyevin oğlu cavan yaşda vəfat edib. Atası oğlu İsmayılın xatirəsini əbədiləşdirmək üçün saray tikdirmək qərarına gəlib.
1913-cü ildə o, binanı Müsəlman Xeyriyyə Dərnəyinin sərəncamına verib. Azərbaycan Milli Elmlər Akademiyası da məhz bu binada yaradılıb.