PAYLAŞ

Avropa şəhəri

Qafqazın nə qədər ziddiyyətli coğrafiya olduğuna Batumiyə çatar-çatmaz əmin oldum. Bura sərbəstliyi, müasirliyi, həyat tərzi ilə çox fərqlənir.

 

Bir çox azərbaycanlıların nə vaxtsa Batumiyə səfər etdiyindən və ya bu şəhərin əsrarəngizliyi barədə məlumat sahibi olduqlarından Batumi haqqında çox uzun-uzadı danışmıram. Bir cümlə kifayətdir: Bir yandan Sahil boyu uzanan Qara dəniz çimərlikləri, digər tərəfdə isə yam-yaşıl dağ meşələri, onların arasında isə Qafqazın incisi statusunu almış – Batumi şəhəri

Batumi

Batumi Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Acarlar orta əsrlərdə xristian dininə ibadət etsələr də, sonradan Türkiyənin təsiri altında İslamı qəbul ediblər. Lakin son dövrlərdə acarların əksəriyyəti İslamı deyil, xristian dinini seçir. Ölkədəki acarların 60 faizdən, gənclərin isə 90 faizdən çoxunun xristianlığı qəbul etməsi də bunu göstərir.

Maraqlıdır ki, müsəlman acarların əksəriyyəti yaşlılardır və onlar əsasən şəhər kənarında – kəndlərdə yaşayırlar. İslam dinini qəbul etmiş acarların Tanrının gürcülər üçün göndərdiyi nemətdən (onlar çaxırı belə vəsf edir)imtina etməməsi burada ümumiyyətlə İslamın unudulduğuna işarədir.

Tbilisi

Çoxları Batumini çimərliklər, diskotekalar, kazinolar məskəni kimi düşünür və bura səfər edərkən məhz həmin məkanlara getməyə üstünlük verir. Amma Batumi ətrafında o qədər maraqlı şəlalələr, tarixi körpü və qalalar, ecazkar təbiət mənzərələri var ki, onlardan da yan keçmək mümkün deyil.

Bütün bunları bir yerə sığdırmaq üçün Türkiyə ilə sərhəddə yerləşən Maçaxela kəndinə səfər kifayətdir. Yol boyu xırda dağ çayları və şəlalələr (şəffaf sulu bu çaylarda çimmək-balıq tutmaq da mümkündür), tarixi abidələr insanı darıxmağa qoymur. Nəhayət acarların iftixarla danışdığı Maçaxela kəndi. Kənd sanki mədəniyyət ocağıdır. Özünün uşaq rəqs ansamblı, incəsənət məktəbi, maraqlı tarix-etnoqrafik muzeyi.

Maçaxeladan baxanda Türkiyəni görmək, sərhəd-keçid məntəqəsini müşahidə etmək mümkündür. Burada 4 taxta üzərində tikilmiş qədim acar evləri olduğu kimi qorunub saxlanılır. Azərbaycanlılara xas qonaqpərvərlik və qonağa hədsiz diqqətin də Gürcüstanda ilk dəfə bu məskəndə şahidi olduq.

Batumi

Batumi çox fərqlidir, bu səbəbdən də azərbaycanlıların sevimli istirahət yerlərindən biridir. Bura ya şəxsi maşın, ya qatar, ya da təyyarə ilə gəlmək olar. Bir dəfə gələn ikinci dəfə mütləq qayıdacaq.