Ev Turizm Xəbərləri Qahirədən ölkəmizə çarter reysləri vasitəsilə 600-dək misirli turistin gələcəyi gözlənilir

Qahirədən ölkəmizə çarter reysləri vasitəsilə 600-dək misirli turistin gələcəyi gözlənilir

Qahirə

Bilmirəm, nə sirri-xudadırsa bu torpaq insanları özünə yaman cəzb edir. Dünyanın dörd bir tərəfi cənnət-məkan olsa da, Azərbaycan bu gözəlliyin tacı, zirvəsi, nur saçan mayakıdır desək, yanılmarıq. Zaman keçir, dünya sürətlə inkişaf edir. Amma Şərqin hikmətini, fəlsəfəsini, müdrikliyini Qərbin müasirliyi ilə birlikdə qoruyan, yaşadan və böyük məharətlə dünyaya təqdim edən Azərbaycan onu deyib gələn hər kəsin yaddaşında əbədi iz salmağı bacarır…

Qafqazı “bəşəriyyətin beşiyi” adlandıran böyük fransız ədibi Aleksandr Düma “Qafqaz” əsərində Azərbaycanın, onun təbiəti və insanlarının ürəyində dərin iz buraxdığını açıq şəkildə vurğulayaraq “Nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı!” deyib. Onun Azərbaycana gəldiyi vaxtdan bizi əsr yarımdan artıq bir dövr ayırsa da, avropalılar bu gün də ölkəmiz haqqında öz sələfləri kimi ürəkdolusu danışırlar. Ona görə ki, Şərq və Qərb sivilizasiyalarını bir araya gətirən Azərbaycan insanlarının səmimiliyi və qonaqpərvərliyi, tarixi-mədəni abidələri, gözəl təbiəti, min bir dərdin dərmanı olan mineral bulaqları, milli xörəkləri, musiqisi və bir çox digər sərvətləri ilə hər zaman məşhur olub və olacaq.

Neft və qaz potensialı ilə tanınan Azərbaycan, son illər qeyri-neft sahəsi olan turizm potensialı ilə də önə çıxmaqdadır. Dövlət dəstəyi sayəsində ölkəmizdə infrastrukturun qurulması, istirahət mərkəzlərinin və ictimai iaşə obyektlərinin yaradılması ölkəmizin turizm potensialını artıraraq yeni destinasiya kimi turistlərin siyahısında öz yerini tutmasına səbəb olub. Əlbəttə, ölkəmizin turizm potensialının önə çıxmasında yerli turizm şirkətlərinin də öz payı var. Bu istiqamətdə görülən işlərdən biri kimi yaxın zamanda yeni istiqamət olan Misirdən turistlərin ölkəmizə cəlb edilməsini göstərə bilərik. Belə ki, avqustun 7-də ölkəmizə birbaşa çarter reysi ilə Misirin Qahirə şəhərindən ilk uçuş baş tutdu. “PAS” hava yollarına məxsus təyyarələrlə reallaşdırılan ardıcıl çarter uçuşların birincisi Azərbaycanın Qəbələ hava limanında reallaşdırıldı. Bu səfərdə 70-ə yaxın turistin qonaqlanmasını və Azərbaycanın müxtəlif regionlarında gəzintisini təmin və təşkil edən “Zakher Travel” ölkəmizdə turizm sahəsinin inkişafı üçün mühüm istiqamətin başlanğıcını qoymuşdur.

Şirkətin rəhbəri Cəfər Qarayev bildirib ki, Misirdən birbaşa çarter uçuşlar 7 istiqamət üzrə aparılacaq. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir.

Təsdiqlənmiş qruplarda həm istirahət məqsədilə, həm də konfransda iştirak etmək üçün gələcək turistlər mövcuddur. İstirahət məqsədilə gələn qrupların proqramları aşağıdakı kimidir: İki gecə Bakıda, iki gecə Qəbələdə, üç gecə isə Bakıda. Konfransa qatılmaq məqsədilə Azərbaycana gələnlər isə üç gecə müddətində Bakıda qonaqlanacaqlar.

“İlk qrupun təcrübəsi göstərdi ki, Misirdən gələn turistlər digər ərəb ölkələrindən gələn qonaqlardan fərqli olaraq Azərbaycanın mədəniyyət, turizm abidələrinə, qoruqlarına daha çox maraq göstərirlər. Məsələn, Heydər Əliyev Mərkəzi qonaqlar arasında maraq yaradan turizm obyektlərindən olub. Bundan başqa, misirli turistlər marşrutun çətinliyinə baxmayaraq, Xınalıq gəzintisinə də böyük həvəs göstərirlər. Bildiyiniz kimi, iri avtobuslarla Bakıdan Xınalığa birbaşa getmək mümkün deyil. Bakı-Quba istiqamətində bir nəqliyyat vasitəsinin istifadə edilməsi, daha sonra Qubadan Xınalığa digər nəqliyyat vasitələri ilə gəzintinin davam etdirilməsi qonaqlar üçün çətin və yorucu olsa da onlar gəzintini uğurla başa vurmuşdur”, – deyə Cəfər Qarayev bildirib.

Misir təcrübəsi turizmin inkişafı üçün bəzi addımların atılmasının zəruriliyini də gündəmə gətirib. Bildiyiniz kimi, körfəzin ərəb ölkələri asanlaşdırılmış viza rejimlərindən (e-viza və hava limanında viza əldə edilməsi) yararlanmaqdadır. Eyni şərtlərin Misir, Sudan, Əlcəzair kimi ölkələrin vətəndaşlarına da tətbiq olunması turistlərin sayının artırılmasında effektiv olacaq. Yeri gəlmişkən BƏƏ-də oturumu olan əcnəbilər üçün tətbiq olunan hava limanında sadələşdirilmiş viza prosedurlarının digər körfəzi ölkələrinin əcnəbi sakinlərinə də tətbiq olunması turist axınının daha da artırılmasına zəmin yaradacaqdır.

Onun sözlərinə görə, hava limanının xərcləri son zamanlarda turizmin inkişafına mane olan amil kimi meydana çıxmaqdadır. Beynəlxalq təcrübədə olduğu kimi Azərbaycanda beynəlxalq statuslu hava limanlarından birindən aşağı büdcəli uçuşların təmin edilməsi turizmin inkişafı üçün mühüm addım ola bilər. Məsələn, Qəbələ Beynəlxalq Hava Limanından aşağı büdcəli beynəlxalqa uçuşların reallaşdırılması regionda işsizliyin aradan qaldırılmasına, region əhalisinin əlavə gəlirlərinin, turizm şirkətlərinin, nəqliyyat vasitələrinin gəlirlərinin artırılmasına səbəb olacaq. Təyyarələrin Qəbələyə düşməsinin digər üstünlüyü isə qonşu regionların da turistlər üçün destinasiyaya çevrilməsinə zəmin yaradacaq.

Cəfər Qarayev deyib: “Bu gün artıq Qahirədən ikinci çarter uçuş baş tutub. Bu dəfə təyyarə Qəbələyə deyil, məhz paytaxtımız Bakıya eniş edib. Bu qrupla gələn qonaqların sayı 70 nəfərdir. Bu qruplar Azərbaycanın həm istirahət üçün uyğunluğunu, həm də biznes tədbirlərinə münasibliyini təkrar gündəmə gətirərək ölkəmizin turizm potensialının artırılmasına mühüm töhfə verəcək və iqtisadiyyatımızın inkişafında turizm sahəsinin payını artıracaq”.

Qeyd edək ki, misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Çarter reysləri sentyabrın 7-dək davam edəcək. Bir ay ərzində 7 uçuşun həyata keçirilməsi nəzərdə tutulur.