Misirin 162 yaşı olan ən böyük Milli Muzeyi dünyanın müxtəlif yerlərindən Qahirəyə gələn turistlərin sevimli məkanıdır. Təhrir meydanında yerləşən və Qədim Misirin bütün dövrlərinə aid 160 min eksponatın nümayiş etdirildiyi bu nəhəng muzeyin əsası 1858-ci ildə qoyulub.
Muzeyin ekskursovodu Səbaha Bak AZƏRTAC-ın xüsusi müxbirinə geniş məlumat verib. O bildirib ki, Qədim Misir artefaktları dəfələrlə qarət edilib, London və digər şəhərlərin muzeylərinə aparılıb. Bunun qarşısını almaq məqsədilə Qahirənin Bulak rayonunda xüsusi anbar tikilib və sonradan bu obyekt muzeyə çevrilib. Bütün bu işlərə fransız arxeoloqu Oqüst Mariet rəhbərlik edib. Artıq 1863-cü ildə Nil çayının sahilində böyük muzey binasının açılışı olub.
Qədim Misir artefaktları müxtəlif dövrlərdə baş vermiş sel və daşqınlar, habelə yanğınlardan zərər görüb. Marietin vəfatından sonra bu missiyanı Misirşünas Qaston Maspero davam etdirib.
Muzeyin girişi Qədim Misir ilahəsi Xatxorun silueti ilə bəzədilib. XIX əsrdə ikimərtəbəli muzeyə 5 mindən çox qutuda artefaktlar təhvil verilib. Onların ən qiymətli olanları – firon Tutanxamonun qızılsuyuna çəkilmiş heykəli, xəttat heykəli isə son dövrdə – 2011-ci ildə baş vermiş iğtişaşlar zamanı oğurlanıb.
Misir Milli Muzeyinin ziyarətçilərini firon Amenxotepin və kraliça Tiinin nəhəng heykəlləri “qarşılayır”. Binanın birinci mərtəbəsində Qədim Misirin fironlara qədər olan dövrünə aid 30 min eksponat var. Burada, həmçinin I və II sülalələrin fironlarının heykəlləri, müxtəlif bəzək əşyaları da nümayiş etdirilir.
Ən qiymətli eksponatlar isə muzeyin ikinci mərtəbəsindədir. Məhz burada Tutanxamonun qızıldan olan 12 kiloqramlıq dəbilqəsi, habelə qiymətli əşyalar nümayiş etdirilir. Təhlükəsizlik məqsədilə onların fotoşəklini çəkməyə icazə verilmir. Misir fironlarının XX sülaləsinə qədər olan dövrün eksponatları arasında Qədim Roma, qədim yunan, latın və ərəb papirusları da var. Burada qədim yunan ilahəsi Afrodita, tanrı Apollonun heykəlləri də saxlanılır. Ən maraqlısı, muzeydə Aristofan, Esxil və antik dövrün digər şairlərinin poeziya nümunələri də mövcuddur. Qızıl, gümüş və bürünc sikkələr isə Qədim Roma və yunan, habelə ərəb xilafəti dövrlərinə aiddir.
Muzeydə fironların və ailə üzvlərinin sarkofaqları, mumiyalar da saxlanılır. Onların vəziyyəti vaxtaşırı olaraq laboratoriyada yoxlanılır.