Gürcüstanın Milli Turizm Administrasiyası bu yay Batumini çoxlu sayda azərbaycanlı turistin ziyarət etdiyini bildirib. Azərbaycan-ın fotomüxbiri Murad Orucov da Batumiyə gedərək, şəhərin turistlər üçün niyə bu qədər cəlbedici olduğunu aydınlaşdırmağa çalışıb
Bu yay az qala hər iki tanışımdan biri Gürcüstana getmək planından və ya artıq orada keçirdiyi unudulmaz istirahətdən, Batuminin heyranedici gözəlliklərindən, yerli əhalinin qonaqpərvərliyindən və özündə dəniz sahilini, meşələri və dağları birləşdirən Acarıstanın mənzərəli təbiətindən danışırdı.
Bu ilin iyununda Bakı və Batumi arasında açılmış birbaşa hava reysindən xəbər tutandan sonra mən də Qara dəniz sahilinin bu mirvarisini öz gözlərimlə görərək onun azərbaycanlı turistlər üçün niyə bu qədər cəlbedici olduğunu aydınlaşdırmaq qərarına gəldim.
Təyyarə Batumiyə yaxınlaşarkən illüminatordan gözə ilk növbədə çarpan şəhərin müasirliyi idi. Şəhərdə çoxlu sayda dəbdəbəli otellər, şüşə və metal örtüklü binalar, gözqamaşdıran işıqlar, velosiped cığırları və dəniz limanı olan çoxkilometrli bulvar var.
Şəhərin yeni tikilmiş bulvarı boyunca isə çimərlik yerləşir. Burada günəşin altında qaralmaq və ya Qara dənizin isti sularında çimmək olar. Batumi çimərliyində istədiyin yerdə, hətta dəbdəbəli otellərin qarşısında belə çimmək və günəş vannası qəbul etmək olar.
Batumiyə gələnlərə yerli çaxırın və yeməklərin dadına baxmaq məsləhət görülür. Bundan başqa, buranın təbiəti və görməli tarixi yerləri də ziyarətçilərin könlünü oxşayacaq.
Ayrıca olaraq yerli əhalinin qonaqpərvərliyini qeyd etmək istərdim – burada hər bir xarici vətəndaş qonaq kimi qəbul olunur.
Batumidə qiymətlər də yüksək deyil: hər kəs şəhərdə öz cibinə uyğun əyləncə tapa bilər.
Şəhərdə olduğum zaman gördüklərimdən belə bir nəticə çıxara bilərəm ki, Batumi ailəvi istirahət üçün ideal bir yerdir: siz və uşaqlarınız burada, çox güman ki, zövqünüzə uyğun əyləncə tapa biləcəksiniz.