PAYLAŞ
Qax

Əsrarəngiz təbiəti, iqlimi, zəngin fauna və florası ilə fərqlənən Qax rayonunda son illər turizmin digər növləri kimi, qış turizmi də inkişaf edir. Bayram tətili günlərini burada keçirmək arzusunda olanların sayı ildən-ilə artır. Əvvəlki illərdə olduğu kimi, bu bayram günlərində də rayonun turizm-istirahət mərkəzlərinə gələn turistlərin sayında xeyli artım müşahidə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tətilini rayonda fəaliyyət göstərən “El Resort” otelində, “Yaşıl park”, “Səngər qala”, İlisu”, “Uludağ” və digər istirahət mərkəzlərində keçirən turistlər yaradılan şəraitdən məmnun qalıblar. Yeni il gecəsində turistlərə əyləncəli proqramlar təqdim olunub, uşaqlar Şaxta baba və Qar qızla birlikdə doyunca əyləniblər. Yanvarın 2-dən 3-nə keçən gecə rayonun dağlıq ərazilərinə, xüsusilə İlisu kəndinə qarın yağması isə turistlər üçün xoş bir sürpriz olub. Qarın yağmasına ən çox sevinənlər isə uşaqlar olub.

Bakı şəhər sakini Rəşad Novruzzadə Yeni ilin ilk günlərini ailəsi ilə birlikdə İlisu kəndində keçirir. Ailənin övladları Riyad və qardaşı qarın yağmasına çox sevinirlər. Sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Riyad deyib: “Biz dünən buraya gələndə qar yox idi. Səhər yuxudan duranda gözlərimizə inanmadıq. Hər tərəf ağappaq qarla örtülmüşdü. İndi qardaşımla birlikdə qardan Şaxta baba düzəldirik. Sonra qartopu oynayacağıq”.

Ruslan Əliyev ailəsi ilə birlikdə Rusiyanın Krasnodar vilayətindən qonaq gəlib. Qaxın havasının, iqliminin, təbiət gözəlliklərinin onların çox xoşuna gəldiyini vurğulayan turist deyib: “Rusiyada yaşasam da, bayram günlərini, xüsusilə Yeni ili bir qayda olaraq, doğma Vətənimdə keçirirəm. İstirahət üçün bu dəfə Qax rayonunu seçdik. Qarın yağması lap yerinə düşdü. Buranın mənzərəsi çox xoşumuza gəlir, böyük zövq alırıq. Fürsətdən istifadə edib hamının Yeni ilini təbrik edir, xalqımıza sevinc dolu günlər arzulayıram”.

Vüsal Əliyev isə İmişlidən gəlib. Bir həftədir ki, ailəsi ilə birlikdə rayonun Ağçay kəndində istirahət edir. İxtisasca həkim olan Vüsal bayram tətili təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: “Qax rayonu Azərbaycanın ən gözəl guşələrindən biridir. Buralar ilin bütün fəsillərində gözəldir. İstirahətimiz çox yaxşı keçdi, uşaqlar doyunca əyləndilər. Qarın yağması isə hamımızın ürəyincə oldu. Uşaqlar çoxdan qarda oynamağı arzulayırdılar. İstirahət müddətimiz bu gün başa çatır. Qaxdan çox zəngin təəssüratlarla ayrılırıq”.