Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi. “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cuma Əhmədzadə burada yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb. Yüksək keyfiyyət və zövqlə görülən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.
Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni zamanda, VIP kottec də yaradılıb. Mehmanxananın otaqlarında müştərilərin rahatlığı üçün ən xırda detallar da nəzərə alınıb. Qonaqların asudə vaxtlarının təşkili bu mehmanxana kompleksinin yaradılmasında əsas meyarlardan biri kimi seçilib.
Əhəmiyyətli turizm obyekti
Turistlərin idmanla məşğul olması üçün ərazidə mini futbol meydançası yaradılıb. Eyni zamanda, burada qonaqlara açıq tipli kafe-bar və restoran da xidmət göstərəcək.
Bu cür mehmanxanaların yaradılması, ilk növbədə, Qaxın və ümumilikdə bölgənin turizm potensialının gücləndirilməsində mühüm rol oynayacaq, turist axının artmasına zəmin yaradacaq. Bütün bunlarla yanaşı, turizm obyektlərinin istifadəyə verilməsi əhalinin məşğulluğunun artırılmasında, yeni iş yerlərinin yaradılmasında da müstəsna əhəmiyyətə malikdir. Belə ki, “Yurd Hotel” mehmanxanasında 15 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı başlıca prioritetlərdən olmaqla, qarşıya əsas məqsəd kimi qoyulub. Bu baxımdan ölkədə turizmin inkişafına da xüsusi diqqət ayrılır. Azərbaycanda hotel biznesinin dünya standartları səviyyəsində yenidən qurulması, bölgələrimizdə bir-birindən gözəl və müasir mehmanxana komplekslərinin yaradılması, qonaqlara yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi, çox sayda turistlərin qəbulu üçün silsilə tədbirlərin reallaşdırılması turizm sektorunun inkişafında mühüm rol oynanıb. Bütün bunlar Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da zəmin yaradır. Bu kompleks təkcə Qax üçün deyil, bütün bölgə üçün əhəmiyyətli turizm obyektidir.