Ev Turizm Xəbərləri Quba-Qonaqkənd avtomobil yolu yenidən qurulur

Quba-Qonaqkənd avtomobil yolu yenidən qurulur

avtomobil yolu

Qubada turizm imkanlarını genişləndirən, 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu ərazinin relyefinə görə III və IV texniki dərəcəyə uyğun yenidən qurulur. Hazırda yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri davam etdirilir. Yolun böyük hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılıb və asfaltlanma işləri aparılır.

Layihə çərçivəsində yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı kilometrlik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.

Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı olub. Onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq.