Ev Turizm Xəbərləri Qubanı xarici turistlərə sevdirən nədir?

Qubanı xarici turistlərə sevdirən nədir?

Quba

Qubada keçirilən Regional Mətbəx Festivalını 15 mindən çox qonaq ziyarət edəcək.

Qubada keçiriləcək Regional Mətbəx Festivalını iki gün ərzində 15 mindən çox yerli və xarici qonağın ziyarət edəcəyi gözlənilir.

İyulun 27-28-də təşkil ediləcək festivalda yerli və regional icma nümayəndələrinin, region istehsalçıların və turizm sahəsi peşəkarlarının məhsulları qonaqlara təqdim olunacaq. Həmin məhsullar “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarda satış məqsədilə nümayiş etdiriləcək.

Belə bir festivalın Qubada təşkil olunması heç də təsadüfi deyil. Çünki Quba və Qusar rayonları ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqamətidir. Quba-Xınalıq turizm marşrutu, əsrarəngiz təbiətə malik Qəçrəş meşəsi, tarixi 5-6 min əvvələ gedib çıxan Xınalıq kəndi, şəlalələr diyarı adlandırılan Ləzə kəndi, Şahdağ Turizm Mərkəzi regionda turistlərin ən çox ziyarət etdiyi istirahət məkanlarıdır. Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır.

Quba

Yusif Əl-Cabir

Birləşmiş Ərəb Əmirliklərindən gələn Yusif Əl-Cabir artıq üç gündür Azərbaycanda dincəlir. Ölkəmiz əcnəbi qonaqda xoş təəssüratlar oyadıb. “Azərbaycana səfərimizin üçüncü günündə Qubaya gəldik. Ailəmlə birgə dincəlirik. Qubanın təbiətini, istirahət məkanlarını, xüsusilə mətbəxini çox bəyəndik. Bir həftə burada dincəlmək istəyirik. Azərbaycan eşitdiklərimdən daha gözəl ölkədir. Növbəti illərdə də buraya istirahətə gələcəyəm”, – deyə əcnəbi turist bildirib.

Quba–Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri Qəçrəş kəndi ərazisindədir. Rayon iqtisadiyyatının inkişafında bu mərkəzlərin böyük rolu var. Qəçrəş və ətraf ərazilərdə dincəlmək üçün hər büdcəyə uyğun münasib turizm obyekti tapmaq mümkündür. Qubaya gələn əcnəbi qonaqlar arasında dünyanın istənilən ölkəsinin vətəndaşına rast gəlmək mümkündür.

Quba

Hindistanlı turist Firuz Paşa ilk dəfədir Azərbaycana gəlib. “İlk günlərdə Bakıda oldum, çox gözəl şəhərdir. İstirahət və tətil günlərini keçirmək üçün Quba ideal məkandır. Mətbəxi ləziz, təbiəti füsunkar, insanları mehribandır. Buraları çox sevdim”, – deyə hindistanlı turist söyləyib.

Azərbaycana səfəri zamanı gördüyü tolerantlıq mühitindən danışan israilli turist David Matta Qubaya ekskursiya zamanı buradakı sinaqoqları ziyarət edib. O deyir: “Gözəl istirahət edirik. Quba çox maraqlı bölgədir. Müxtəlif dağlıq əraziləri, şəlalələri, meşəlikləri gəzdik. Burada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbə ilə da tanış oldum. Burada dağ yəhudiləri digər xalqlarla birgə mehribanlıq şəraitində yaşayırlar”.

Uzaq Avstraliyadan gələn Malkom Smokli Qubada gördüklərinin onu valeh etdiyini bildirir: “Qubanın məşhur paxlavası və alması haqqında məlumatım var idi. Bu gün hər ikisinin dadına baxıb, çox faydalı və ləzzətli olduğunu gördüm. Bu nemətlər hər bir masanın yaraşığıdır”.

Quba

Qubada dincələn yerli turistlərdən Coşqun AğayevAydan Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibələrində Azərbaycanın geniş turizm imkanlarına malik olduğunu bildiriblər.

Qubaya gələn turistlər Quba-Xınalıq, Quba-Afurca, Quba-LəzəQubaXanəgah marşrutlarından faydalana bilərlər.