Ev Turizm Xəbərləri Rayonlarda istirahət etmək istəyənlər nədən şikayətlənir?

Rayonlarda istirahət etmək istəyənlər nədən şikayətlənir?

Rayon

“Əgər yerli turist Antalyada və Qəbələdə eyni şərtlərdə eyni qiymətə qalacaqsa, o turisti Qəbələdə kim saxlaya bilər?”, turizm üzrə təhlilçi sual edir


“Azərbaycanda rayonda dincəlmək baha olduğu üçün məcbur qalıb daha ucuz yerlərə gedirik”, imkan tapdıqca qonşu Gürcüstana, Türkiyəyə istirahətə gedən Bakı sakini Aytən Allahverdiyeva deyir.

“Rayonlarda həm də aşağı keyfiyyətli xidmətdən bezirsən”, deyən müsahibimiz həmçinin bölgələrdə gigiyenik vəziyyətin “qənaətbəxş olmamasından” narahat olduğunu bildirir.

Bahalıq, “keyfiyyətsiz” xidmət və təmizliyə riayət olunmaması təkcə bu Bakı sakininin deyil, turizm üzrə təhlilçilərin də daxili turizm sahəsində tez-tez qaldırdığı məsələlərdəndir.

Azərbaycanı 2025-ci ilədək dünyada ən çox ziyarət edilən 20 məkandan birinə çevirmək istəyən hökumət bir neçə ildir ki, daha çox yerli turistin bölgələrə getməsini təşviq etmək siyasətini müəyyənləşdirib və buna həm də büdcə gəlirlərini artırmaq yolu kimi yanaşır.

Səyahət etməyi sevən Bakı sakini Aytən Allahverdiyeva rayonlarda istədiyi kimi istirahət edə bilmədiyi üçün tez-tez qonşu ölkələrə gedir.

Rayonlarda istirahət etmək istəyənlər nədən şikayətlənir?


“Rayonlara gedib yaxşı otellərdə qalıb dincəlməyi istərdim, amma qiymətlər kosmik səviyyədədir, o pula Türkiyədə, Gürcüstanda 3-4 gün gəzib-dolanmaq olar”, o BBC News Azərbaycancaya müsahibəsində deyir.

Aytən Allahverdiyeva qeyd edir ki, hətta Bakıda istirahət etmək rayonlardan daha ucuz başa gəlir.

Turizmlə məşğul olan bir şirkətin icraçı direktoru Vüsal Muradlı bahalıqdan əlavə, otellərdə yerlərin olmamasını da daxili turizmin problemlərindən hesab edir:

“Camaat qışda Şahdağa, Qəbələyə, bəzən də Şəkiyə gedir, o da bir, maksimum iki günlük. Yayda isə çoxları çalışır ki, Türkiyəyə, Gürcüstana qaçsın. Bunun bir səbəbi bahalıqdır, digər səbəbi də çünki şirkətlər əvvəldən bron etdikləri üçün yerli əhali bəzən də yer tapa bilmir”.

Turizm üzrə təhlilçi Rəhim Qədirov büdcəyə uyğun məkanların azlığına, bahalıq və gigiyenik vəziyyətin çatışmazlığını da əlavə edir.

“Əgər yerli turist Antalyada Qəbələdə eyni şərtlərdə eyni qiymətə qalacaqsa, o turisti Qəbələdə kim saxlaya bilər? Yerli əhali qiymətlərdə endirim ala bilsə, otel və digər qalmaq üçün mərkəzlərlə təmin olunsa, vəziyyət dəyişə bilər”, o əlavə edir.

Cənab Qədirov hesab edir ki, gigiyena məsələsi əsasən qiymətlərdən və sahibkardan asılıdır.

“Bəzi hallarda gigiyenik vəziyyətdən mən də narazı qalıram. Ancaq dediyim kimi 5 ulduzlu oteldə qalırsınızsa, gigiyena problem olmayacaq, digər yerlərdə isə vəziyyət fərqli ola bilər”, – Rəhim Qədirov bildirib.

Gəzməyə başqa ölkə, istirahətə Azərbaycan – necə?


Azərbaycanda turizm şirkətlərini birləşdirən qeyri-hökümət təşkilatı – Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi əhalinin Gürcüstana getməyib regionlarda istirahətə üstünlük verməsi üçün “xeyli dəyişikliyə” ehtiyac olduğunu deyir.

Əhali Şahdağa əsasən qışda üz tutur, turizmçilər deyirlər


“Gəzməyə onsuz da gedirlər, ancaq istirahət etmək üçün bütün şərait yaradılsa, müsbət cəhətləri – qonaqpərvərlik və digər nəzərə alınsa, Azərbaycanı turizm ölkəsinə çevirə bilərik”, qurum sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edir.

Onun sözlərinə görə Azərbaycan “365 gün istirahət etmək və turizmin bütün növlərini -ağlamlıq, qış, çimərlik, dağ, çadır – inkişaf etdirməyin mümkün olduğu məkandır.

“…müsbət münasib şərait yaratmaq lazımdır. Abşeron yarımadasında otellərin rəqabətini gücləndirmək üçün bir-iki-üç ulduzlu otellərin inşasına çoxdan başlanmalı idi. Bunun nəticəsində də otellərin qiymət məsələsində tənzimlənmə ola bilərdi”, o BBC News Azərbaycancaya müsahibəsində deyir.

O hesab edir ki, konkret şeylərin qiyməti ilə bağlı araşdırma aparılmalıdır.

“Araşdırılmalıdır ki, niyə bir şey orda 3, bizdə 10 manatdır. Ölkədə otellər nə üçün bahadır? Hostellərin inkişafı standartları hazırlanmalıdır, özü də regionlarda. Tutaq ki, bir adam xəstədir və gedib Qalaaltıdan müalicə olunmalıdır. O necə müalicə olunsun ki, həmin müalicə yerindəki otellər 5 ulduzludur.

Üstəlik, bir adam müalicə üçün azı 14 gün qalmalıdır, bunu hesablayanda gör nə qədər pul edir. Aztəminatlı insanlar üçün üç ulduzlu otellər olmalıdır. Tələbə gənclər və aztəminatlı insanlar üçün çadır turizmi inkişaf etdirilməlidir”.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2019-cu il başlayandan 986 min nəfər bölgələrə, 958 min şəxs isə Azərbaycandan xaricə turistik səfər edib. Xaricə səfər edənlərin 337 min nəfəri istirahət üçün qonşu Gürcüstana gedib.

Komitənin BBC News Azərbaycancaya verdiyi məlumata görə, turizm məqsədi ilə xaricə gedən vətəndaşların çəkdikləri xərc təxminən 544 milyon manat olub.

Qiymətlər münasibdir?


Dövlət Turizm Agentliyi (DTA) əhalinin regionlarda istirahət etmək və zövq almağı üçün kifayət qədər resurs və potensial mövcud olduğunu deyir.

“Yay turizminə regionlarda kifayət qədər maraq var. Əsas turizm mövsümü kimi yay zamanı regionlarda nəinki otellər, hətta fərdi evlər də dolu olur. Qiymətlər isə hər seqmentdən olan turistlər üçün münasibdir”, agentliyin sektoru müdiri Elgün Cavadov deyir.

Qurum nümayəndəsi yerli və regional turizmin inkişafının surətləndirilməsi, turizmin inkişafında maraqlı olan bütün tərəflərin iştirakı ilə əməkdaşlıq platformasının yaradılması üçün bu ilin əvvəlində şimal rayonlarını əhatə edən 5 Destinasiya Menecment Təşkilatının yaradıldığını deyir.

“Mövcud ənənəvi festivalların [məsələn, Gədəbəy rayonunda keçiriləcək “Milli Yaylaq Festivalı” – red.] daha cəlbedici edilməsi yönündə işlər görülür, turizm sənayesi ilə məşğul olan rayon sakinləri ilə görüşlər keçirilir”.

Elgün Cavadov onu da qeyd edir ki, turist məmnuniyyətinin yüksəldilməsi üçün ilk olaraq Şamaxı, İsmayıllı, QəbələOğuz rayonlarını əhatə edən “Təmiz və Təhlükəsiz Tualet” pilot layihəsi hazırlanıb.