Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ölkədə macəra turizminin inkişafı, dağçılıq və ekstremal idman növlərinə marağın artırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
Fonddan APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Vətənimdə qarış-qarış” layihəsi keçirilir. Layihə çərçivəsində macəra turizminə marağı olanların təlimatlandırılması, turizmin bu növü üçün əlverişli regionlarda yeni marşrutların müəyyən edilməsi həyata keçiriləcək. Turistlərin təhlükəsiz hərəkətinin təmini məqsədilə həmin ərazilərdə istiqamətləndirici nişan və məlumat lövhələrinin yerləşdirilməsi nəzərdə tutulur.
İsmayıllı rayonundan başlayan layihə çərçivəsində Sulut kəndi ərazisindəki Fit dağında yerləşən, XVII-XVIII əsrlərə aid “Buzxana” və “Qırxotaq əfsanəsi” abidələrinin marşrutu üzrə istiqamətləndirici nişan və məlumat lövhələri yerləşdirilib.
Layihə zamanı macəra turizminə marağı olan 30-dan çox gəncin həmin abidələrə yürüşü təşkil edilib. Peşəkar dağçılar yürüşdən əvvəl və yolboyu iştirakçılara dağ idman növləri haqqında məlumat verilib. İlkin tibbi yardım, ekstremal vəziyyətlərə psixoloji hazırlıqlar görülüb.
Layihənin respublikanın digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulur. Hazırda macəra turizmi üçün əlverişli bölgələrdə yeni marşrutların müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.