Rekorda çatacaq qədər hündürlüyü olan ağaclar
Dünyada ən böyük ağaclar həmişə tədqiqatçıların əsas hədəflərindən olub. Sekvoyya kimi möhtəşəm ağac növünün kəşfi 1850-ci ildə avropalılar üçün ən əlamətdar hadisələrdən sayılıb. Bu ağacı ingilis Lobb müasir Kaliforniya və Oreqon ştatlarında (ABŞ) yerləşən Syerra-Nevada dağ silsiləsinin yamaclarında hindi tayfasına məxsus ərazidə aşkar edib. Lobb o vaxtadək məlum olan bütün ağacları geridə qoyan nəhəng ağacları tamamilə təsadüfən aşkar edib. Qeyd edək ki, bu ağaca yerli hindi qəbiləsinin başçısının adı verilib.
Sonralar sekvoyyanın rəqibləri ortaya çıxıb. Əvvələn, hündürlüyünə görə: Avstraliya evkaliptləri, mamont ağacı və Limpopo çayı hövzəsində bitən “Qalpiniya” adlı Cənubi Afrika akasiyası. Amma dəqiq ölçülərə görə, mamont ağacının hündürlüyü 105,8 metr müəyyən olunub. 150 metrlik evkaliptlər barədə məlumatlar guya şişirdilmiş sayılıb. Avstraliyanın meşələrlə bağlı rəsmi sorğu kitabında evkaliptin hündürlüyü 105 metrdən azacıq yüksək göstərilib. Adı çəkilən akasiyanın hündürlüyü isə yüz metrdən çox olmayıb: yalnız qazıntılar zamanı aşkar edilən akasiya ağacının “bərpa edilmiş” hündürlüyü 122 metr müəyyən olunub. Sekvoyyaya gəldikdə isə əvvəllər kəsilmiş bir sekvoyya ağacının uzunluğu 120 metr olub, Kaliforniya Milli Parkında bitən başqa bir sekvoyyanın hündürlüyü isə 110,8 metrdir. Yəni bu ağac indiki ağacların arasında hündürlüyünə görə rekordçudur. 1990-cı ildə ölçülən sekvoyyanın hündürlüyü 110,3 metr müəyyən olunub.
Sekvoyya ağacı
Amma uzunömürlülüyünə görə bu nəhəng ağac üstünlüyü Nevada ştatında bitən uzunömürlü şam ağacına (5100 il), mamont ağacına (3500 il), daha sonra qılçıqlı şam ağacına verməli olub.
Sekvoyya ağacı uzunömürlülük üzrə rekorddan məhrum olmasını silsilə “şou-rekordlar” ilə kompensasiya edib. Amma həmin rekordlar artıq botanika sahəsinə aid deyil. Məsələn, amerikalılar yıxılan sekvoyyanın koğuşunda at belində gəzirlər: əlbəttə manej deyil, lakin müəyyən həvəskarların diqqətini cəlb etmək üçün yetərlidir. Eləcə də digər koğuşda 23 metrlik kegelban, yaxud 150 il əvvəl kəsilmiş sekvoyyanın kötüyündə tirdən yaradılmış kiçik ev, yaxud San-Fransiskoda cəmi bir sekvoyya ağacının qabığından inşa edilmiş və 100-ə qədər adam tutan ev. Bundan əlavə, General Şerman adlı nəhəng sekvoyya Yer kürəsinin ən qollu-budaqlı ağacıdır: hündürlüyü 84 metr, 1,5 metr hündürlükdə qucumu təxminən 25 metr olan bu ağacın 1500 kubmetr oduncağı var.
Kəşfindən sonra sekvoyya yüz ilədək müddət ərzində Kaliforniya ağacı sayılıb. Amma 1941-ci ildə Çində, Sıçuan əyalətində gözlənilmədən 4 belə ağac aşkar edilib. Onları fərqləndirmək üçün metasekvoyyalar adlandırıblar. Bundan əlavə, insanlar bu ağacı Amerikadan gətirib Krımda, Cənubi Qafqazda və Avropanın bir sıra digər regionlarında əkiblər. Doğrudur, bu sekvoyyaların rekord vurmasına hələ çox var.
Bir məsələni də qeyd etmək lazımdır ki, faktların seçimində və yoxlanılmasında yüksək peşəkarlığı ilə seçilən Ginnesin Rekordlar Kitabını tərtib edənlər yuxarıda sadaladıqlarımızdan daha sanballı rəqəmlər gətirirlər. Məsələn, onlar Avstraliyanın Viktoriya ştatında bitən şahanə evkalipti dünyanın ən hündür ağacı sayırlar. Burada iki evkalipt ağacının hündürlüyü 1872 və 1885-ci illərdə müvafiq olaraq 143 və 152,4 metr müəyyənləşib. Ginnesin Rekordlar Kitabında ikinci yer duqlasiya (Pseudotsuga taxifolia) ağacına verilib: 126,5 metr. Sekvoyya 112 metr ilə yalnız üçüncü yerdə qərarlaşıb. Lakin bütün bunlar keçmişdə qalıb. İndi isə Tasmaniya adasında bitən şahanə evkalipt ən hündür yarpaqlı ağac adlandırılıb: 95 metr. Yeri gəlmişkən, harada və necə saymaqdan çox şey asılıdır. Axı, həyatımızda olduğu kimi, təbiətdə də hər şey dəyişir.