PAYLAŞ

Rekorda çatacaq qədər hündürlüyü olan ağaclar

Dünyada  ən böyük ağaclar həmişə tədqiqatçıların əsas hədəflərindən olub.  Sekvoyya kimi möhtəşəm  ağac növünün kəşfi  1850-ci ildə  avropalılar üçün  ən əlamətdar hadisələrdən sayılıb.  Bu ağacı  ingilis Lobb müasir Kaliforniya və Oreqon  ştatlarında (ABŞ) yerləşən Syerra-Nevada  dağ silsiləsinin yamaclarında  hindi tayfasına məxsus ərazidə aşkar edib.  Lobb o vaxtadək məlum olan bütün ağacları geridə qoyan  nəhəng ağacları  tamamilə təsadüfən aşkar edib. Qeyd edək ki, bu ağaca yerli hindi qəbiləsinin başçısının adı verilib.
Sonralar sekvoyyanın rəqibləri ortaya çıxıb. Əvvələn, hündürlüyünə görə: Avstraliya evkaliptləri, mamont ağacı və Limpopo  çayı hövzəsində  bitən “Qalpiniya” adlı  Cənubi Afrika akasiyası.  Amma dəqiq ölçülərə görə, mamont ağacının hündürlüyü 105,8 metr müəyyən olunub. 150 metrlik  evkaliptlər barədə məlumatlar guya şişirdilmiş sayılıb.  Avstraliyanın  meşələrlə bağlı  rəsmi sorğu kitabında evkaliptin hündürlüyü  105 metrdən azacıq  yüksək göstərilib.  Adı çəkilən akasiyanın hündürlüyü isə yüz metrdən çox olmayıb:  yalnız qazıntılar zamanı aşkar edilən  akasiya ağacının “bərpa edilmiş”  hündürlüyü  122 metr müəyyən olunub.  Sekvoyyaya gəldikdə isə  əvvəllər kəsilmiş bir sekvoyya  ağacının uzunluğu 120 metr olub, Kaliforniya Milli Parkında bitən başqa bir sekvoyyanın hündürlüyü isə 110,8 metrdir.  Yəni bu ağac indiki ağacların  arasında  hündürlüyünə görə rekordçudur.  1990-cı ildə ölçülən sekvoyyanın hündürlüyü  110,3 metr müəyyən olunub.

 Sekvoyya ağacı

Amma uzunömürlülüyünə görə bu nəhəng ağac üstünlüyü Nevada ştatında bitən  uzunömürlü şam ağacına  (5100 il), mamont ağacına (3500 il), daha sonra qılçıqlı şam ağacına verməli olub.

Sekvoyya ağacı  uzunömürlülük üzrə rekorddan məhrum olmasını silsilə  “şou-rekordlar”  ilə  kompensasiya edib. Amma  həmin rekordlar  artıq botanika sahəsinə aid deyil. Məsələn,  amerikalılar yıxılan sekvoyyanın koğuşunda at belində gəzirlər: əlbəttə manej deyil, lakin  müəyyən həvəskarların diqqətini cəlb etmək üçün yetərlidir. Eləcə də digər koğuşda  23 metrlik kegelban, yaxud 150 il əvvəl kəsilmiş  sekvoyyanın kötüyündə tirdən yaradılmış kiçik ev, yaxud  San-Fransiskoda cəmi bir sekvoyya ağacının qabığından inşa edilmiş və 100-ə qədər adam tutan ev. Bundan əlavə,  General Şerman adlı nəhəng sekvoyya Yer kürəsinin ən qollu-budaqlı ağacıdır:  hündürlüyü 84 metr,  1,5 metr  hündürlükdə  qucumu  təxminən 25 metr olan  bu ağacın 1500 kubmetr oduncağı var.
 
Kəşfindən sonra sekvoyya yüz ilədək müddət ərzində Kaliforniya ağacı sayılıb.  Amma  1941-ci ildə Çində, Sıçuan əyalətində  gözlənilmədən  4 belə ağac  aşkar edilib. Onları  fərqləndirmək üçün metasekvoyyalar adlandırıblar. Bundan əlavə, insanlar  bu ağacı Amerikadan gətirib  Krımda, Cənubi Qafqazda və  Avropanın bir sıra digər regionlarında əkiblər.  Doğrudur, bu sekvoyyaların rekord vurmasına hələ çox var.
Bir məsələni də qeyd etmək lazımdır ki,  faktların  seçimində və  yoxlanılmasında  yüksək peşəkarlığı ilə seçilən  Ginnesin Rekordlar Kitabını tərtib edənlər  yuxarıda sadaladıqlarımızdan daha sanballı rəqəmlər gətirirlər. Məsələn, onlar  Avstraliyanın Viktoriya ştatında bitən şahanə evkalipti  dünyanın ən hündür ağacı sayırlar. Burada iki evkalipt ağacının hündürlüyü 1872 və 1885-ci illərdə  müvafiq olaraq 143 və 152,4 metr müəyyənləşib. Ginnesin Rekordlar Kitabında ikinci yer duqlasiya (Pseudotsuga taxifolia) ağacına verilib: 126,5 metr.  Sekvoyya 112 metr ilə yalnız üçüncü yerdə qərarlaşıb. Lakin bütün bunlar keçmişdə qalıb.  İndi isə Tasmaniya adasında  bitən şahanə  evkalipt  ən hündür   yarpaqlı ağac adlandırılıb: 95 metr. Yeri gəlmişkən, harada və necə saymaqdan çox şey asılıdır. Axı, həyatımızda olduğu kimi, təbiətdə də  hər şey dəyişir.