Rumıniyanın “News24hours” xəbər portalı Xınalıq kəndi barədə geniş məqalə yayıb.
Məqalədə bildirilir ki, qədim tarixi, özünəməxsus adət-ənənəsi olan bu kənd Quba şəhərindən 65 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. 400-ə yaxın evin olduğu və 3 min nəfər insanın yaşadığı bu kəndin yayı sərin, qışı isə çox sərt keçir.
Qeyd olunur ki, tarixçilər Xınalıq kəndinin eramızdan əvvəl salındığını ehtimal edirlər. Bu kənd haqqında məlumatlara Strabon və Plininin əsərlərində rast gəlmək olduğu barədə danışılır. Bildirilir ki, yerli sənətkarlar toxuculuqla məşğul olur, ip əyirir, naxışlı paltarlar, corablar toxuyurlar.
Xınalıq əhalisinin özünəməxsus yaşam tərzi, əhalinin məişəti, folkloru və etnoqrafik xüsusiyyətləri turistlərin marağına səbəb olduğu məqalədə yazılır.