Turizm

İyulun 1-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev və Özbəkistan Respublikasının Baş Nazirinin müavini Əziz Abduxakimov arasında görüş keçirilib.

Görüş çərçivəsində tərəflər arasında turizm sektorunda olan görülən işlər, problemlər və gələcək planlar haqqında müzakirələr aparılıb.

Diskussiya zamanı Əziz Abduxakimov bildirib ki, Özbəkistan MDB ölkələr sırasında Gürcüstandan sonra vizasiz rejimə görə ikinci yerdə dayanır. Müavin, həmçinin təhlükəsizlik məsələlərinə də toxunub. Qeyd edib ki, ölkəsinin dörd əsas şəhərində turistlərin təhlükəsizliyini təmin etmək üçün turist polisi yaradılıb. Qonşu ölkələrlə problemləri olmadığını söyləyən Ə.Abduxakimov Özbəkistanın dünyanın təhlükəsiz ölkələri sırasında dayandığını vurğulayıb.

Fuad Nağıyev öz növbəsində Azərbaycanda turizm sektorunda görülən işlərdən danışıb. Qeyd edib ki, ötən ildən Turizm Agentliyi müstəqil qurum kimi fəaliyyətə başlayıb. Hazırda bu qurumun tabeçiliyində ATMU, Milli Kulinariya Mərkəzi, bir neçə tarixi məkan fəaliyyət göstərir. Hazırda Avstriyanın turizmlə bağlı təhsil ocaqlarının birinin Bakıda açılması ilə bağlı danışıqlar aparılır. Ötən il ölkəyə iki milyondan artıq turist gəldiyini söyləyən F.Nağıyev tək “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 20 min turistin ziyarət etdiyini bildirib. Qeyd olunub ki, prioritet turist axını olan ölkələr Rusiya, Gürcüstan və İrandır.

Sonda ATMU və Özbəkistan Respublikasında fəaliyyət göstərən Beynəlxalq İpək Yolu Turizm Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin