PAYLAŞ
Rusiyalı turist

Mayın əvvəllərində Bakıda səfərdə olmuş Rusiyanın İrkutsk şəhərinin sakini Olqa Braytın təəssüratlarını “Arqumentı nedeli” qəzeti dərc edib.

Olqa Brayt köhnə və yeni Bakını müqayisə edərək İrkutskda planlaşdırılan renovasiya proqramına “” və ya “yox” deməyi araşdırır.

Turist yazır ki, şəhərin yenilənməsi çoxları kimi, onu da narahat edir. Ancaq Bakı səfərindən sonra bu barədə bir daha düşünməyə hazırdır. “May bayramlarında Bakıda idim. Şəhərin rahat prospektlərini və dar küçələrini gəzə-gəzə sosial şəbəkədəki dostlarıma bol-bol şəkillər göndərir, “Baxın, bu şəbəkəli arxitektura ilə şüşəli ultramüasir göydələnlər heç də bir-birinə yad görünmürlər” yazırdım. Şəhərin mavi və qum rəngli görünüşü əhvalıma da təsir etmişdi. Bu şəhərin, həqiqətən, öz əhval-ruhiyyəsi, özgürlüyü var”,- deyə O.Brayt yazır.

İrkutsklı turist qeyd edir ki, memar olmasa da, Bakıda tarixlə yeniliyin vəhdətini çox bəyənib: “Yəqin burada da köhnə ilə təzəni bir məkanda birləşdirib-birləşdirməmək barədə mübahisə ediblər. Ancaq deyim ki, son nəticə və atmosfer şəhərin qonaqlarını məftun edir”.

Müəllif təəssüratını belə yekunlaşdırır: “Mən Bakıya turist gözü ilə baxdım və bəyəndim. Bu “rahatlıq mühiti” şəhərə öz dividendini verir. İrkutskda da köhnə “xruşovka”ları sökmək və şəhəri yeniləmək istəyirlər. Əvəzində nə təklif olunacaq? Məlum deyil. Ancaq bir-birindən fərqlənməyən, çoxmərtəbəli kərpic binalar heç ürəyimcə deyil…”.