2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, onlar arasında ən çox üstünlüyü Rusiyadan gələnlər təşkil edib
Son illər ölkəmizdə turizmin inkişafına ciddi diqqət yetirilir. Azərbaycan, qonşu Gürcüstanla bərabər, bölgənin turizm mərkəzinə çevrilib. Eyni zamanda, iki dövlət arasında daha çox turist qəbul etmək uğrunda elan edilməmiş sağlam rəqabət gedir.
Qeyd edək ki, həm Azərbaycan, həm də Gürcüstana səfər edən turist kontingenti təxminən eynidir. Bölgənin əsas turizm mənbəyi ərəb ölkələri, MDB ölkələri, ilk növbədə isə qonşu Rusiyadır.
Amma ortada bəzi fərqlər də var. Belə ki, digər ölkələrlə problem yaşamayan Gürcüstan bəzən siyasi proseslərin təsiri altında Rusiyadan gələn turistlər üçün arzuedilməz məkana çevrilir və bu ölkənin “qapıları” rusiyalı turistlərin üzünə bağlanır.
Azərbaycanı seçən rusiyalı turistlər isə belə bir problemlə üzləşmirlər. Buna görə də, ölkəmizin rusiyalı turistlər, o cümlədən Gürcüstandan üz çevirən turistlər üçün yarışa girməsi kifayət qədər məqbul və məntiqli variantdır.
Qeyd edək ki, iki ölkə arasında turizm potensialını gücləndirmək üçün bu ay Azərbaycan-Rusiya turizm alyansı yaradılıb. Turizm üzrə ekspert Çingiz İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bu turizm alyansının Azərbaycan üçün töhfələri nə olacağı və iki ölkə arasında turizmin inkişafına hansı nüansların mane olduğundan danışıb: “Azərbaycan turizmi inkişaf edən bir ölkə olduğu üçün potensial turistlərin gəlməsində maraqlıyıq. Belə bir alyansın yaradılması isə Azərbaycanın turizm imkanlarının təbliğində müsbət töhfə verir. Düşünürəm ki, belə bir alyansın yaradılması Rusiyadan ölkəmizə daha çox turistin axınına dəstək verəcək”.
“Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər, hətta hava nəqliyyatı ilə uçuş olmasa da, Azərbaycandan fərqli olaraq Rusiyadan bu ölkəyə turist axını daha çoxdur. Təbii ki, bunun da səbəbləri var. Qara Dəniz, Avropaya çıxışın mövcudluğu, qiymətlərin münasibliyi, servisin yüksək olmasının da Gürcüstana daha çox turist axınının olmasının səbəblərindəndir. Gürcüstan Azərbaycanla müqayisədə rəqabətə daha çox davamlıdır və bu istiqamətdə müəyyən üstünlükləri var. Bundan başqa, bu iki ölkə arasında tarixi, dini və mədəni əlaqələr daha dərindir”, – deyə o əlavə edib