Rusiyanın tətbiq etdiyi embarqo nəticəsində Gürcüstanın turizm gəlirləri əsaslı dərəcədə azalacaq.
Bu sözləri Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Mariam Kvrivişvili ölkənin İctimai televiziyasına müsahibəsində deyib.
Agentlik hesab edir ki, Rusiyanın tətbiq etdiyi qadağa nəticəsində 2019-cu ilin sonuna qədər Gürcüstan 1 milyon rusiyalı turist itirəcək. Bu da ümumilikdə turizm gəlirinin təqribən 2 milyard GEL (700 milyon dollar) azalması deməkdir.
M.Kvrivişvili bildirib ki, 2019-cu ildə Rusiyadan Gürcüstana 1,7 milyon turistin gələcəyi gözlənilirdi. Cari ilin birinci yarısında Gürcüstana 700 min Rusiya vətəndaşı gəlib. Qalan 1 milyon nəfərin gəlməyi sual altındadır. İqtisadi cəhətdən isə bu, 2 milyard lari itkiyə bərabərdir.
Onun sözlərinə görə, Acarıstan MR, Kutaisi, Kaxeti və digər regionlardakı otellərdə əvvəlcədən verilmiş minlərlə sifariş ləğv edilib.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ölkəyə səfər edən əcnəbilər sırasında Rusiya vətəndaşları ilk yerlərdən irini tutur. Cari ilin yanvar-may ayları ərzində Gürcüstana 3 milyon xarici ölkə vətəndaşı səfər edib. Onların da 540 mini Rusiya vətəndaşı olub.